Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 10:28
Ukraynada müharibəya baxmayaraq Rusiya Aİ ölkələrinə satdığı yanacağın gəlirlərini təxminən iki dəfə artırıb. Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi - CREA-nın məlumatına görə, enerji qiymətlərinin artması Moskvaya təxminən 62 milyard avro qazandırıb.
Sonxeber.net BBC-yə istinadən xəbər verir ki, Aİ liderlərinin Rusiya prezidenti Vladimir Putinin enerjidən siyasi və iqtisadi təzyiq üçün rıçaq kimi istifadəsinin qarşısını almaq səylərinə baxmayaraq, Rusiya Avropada yaratdığı enerji asılılığından yararlanmağa davam edir. Müharibənin iki ayı ərzində Rusiya nefti, kömür və qazının Avropa İttifaqına idxalı təxminən 44 milyard avro təşkil edib. Müqayisə üçün bildirək ki, bütün ötən il ərzində bu məbləğ 140 milyard avro və ya ayda təxminən 12 milyard təşkil edib.
Hazırda Almaniya əsas alıcı olaraq qalır. Hakimiyyət orqanlarının Rusiyadan asılılığın azaldılması zərurəti ilə bağlı bütün təminatlarına baxmayaraq, müharibənin iki ayı ərzində o, 9 milyard avro dəyərində enerji resursları idxal edib.
Sanksiyalar və ixrac məhdudiyyətlərinə baxmayaraq, qiymət artımı Rusiyanın satışdakı itkilərini kompensasiya etməkdən daha çox olur və Finlandiya mərkəzinin ekspertlərinin fikrincə, yeni sanksiyalar yalnız qiymətləri daha da artırmağa vəd edir. Bu isə Brüsselin səylərini puça çıxarır və onu tələyə salır. CREA-nın aparıcı analitiki Lauri Millivirtanın sözlərinə görə, satışdan əldə olunan gəlirlər Putinin müharibə səylərini dəstəkləyir və onun döyüş maşınını zərərsizləşdirməyin yeganə yolu qalıq yanacaqları tez və tamamilə ləğv etmək olardı.
"Enerji məhsullarının davamlı ixracı Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda böyük dəlikdir və ondan yanacaq alan hər kəs Rusiya ordusu tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasına şərik olur", - finlandiyalı analitik bildirib.
Kamran Seyidov