Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 07:54
İlham Əliyev: Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmirİlham Əliyev
"Ermənistan hökuməti tərəfindən regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı olmuşuq. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib".
Bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan münasibətlərinə dair suala cavab verərkən bildirib.
"Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirdi və mən müharibə bitəndən sonra Minsk qrupunun nümayəndələri ilə görüşərkən bildirdim ki, onlar nə edəcəkləri ilə bağlı təklif versinlər. Onların gündəliyi nədən ibarət olacaqdır? Mən bilirəm ki, onlar üçün hər hansı praktiki təkliflər vermək çətin oldu. Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Bu isə onu nümayiş etdirir ki, yeni reallıqların öz təsiri var" - dövlət başçısı qeyd edib.