Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Camaat da elə düşünür ki, bunlar ancaq pula görə oynayır” – Cavid Hüseynov

“Camaat da elə düşünür ki, bunlar ancaq pula görə oynayır” – Cavid Hüseynov

Tarix: 15 Sentyabr 2019 14:44

"Zirə"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın IV turunun "Sumqayıt"la səfər qarşılaşmasından (1:2) sonra müsahibə verib. Qol.az xəbər verir ki, millimizin də üzvü olan yarımmüdafiəçi çətin qələbədən danışıb.

- İlk qolu çox tez vurduq və rahat oynamağa başladıq. Gördüyünüz kimi, oyuna diqtə edən tərəf biz idik. Sadəcə, hücum edəndə istər-istəməz səhvlər olur. Gərək bunları buraxmayaq. Çünki rəqib yaratdığı qol imkanlarından istifadə etsəydilər, hesab başqa cür olardı.

- İki qol vursanız da, hücumda çox kəsərli olmursunuz. Üstəlik müdafiədə də xeyli boşluqlar buraxırsınız. "Zirə" hələ çempionata tam hazır deyil?

- Yox, belə düşünmürəm. Sadəcə, əksər futbolçular əvvəl başqa klublarda fərqli taktika ilə oynayıblar. Misal üçün, biri elə mən özüm. Ancaq Samir Abasovun sistemi fərqlidir. Ona görə anlaşızmalıqlar olur. Özüm də hardasa tam adaptasiya olmamışam. Hələ istədiyim ötürmələri edə bilmirəm, görürsünüz. Ötürmə verirəm, boşa çıxır. Çalışacağıq ki, bu problemləri tezliklə aradan qaldıraq.

- İkinci qolda komanda yoldaşın topa əllə oynamışdı. Həmin epizoda necə şərh verə bilərsən?

- Vallah, mən görməmişəm. Onda artıq əvəzlənmişdim.

- Görsəydin, nəsə dəyişəcəkdi?

- Təbii ki, yox. Bizim də qapıya o qədər elə vəziyyətlərdən qol vurulub ki...Ola bilər, əlinə dəyib. Hakim də insandır, nə edək.

- Millinin baş məşqçisi Nikola Yurçeviç də oyunu izləyirdi. Səncə, onun rəğbətini qazana bildin?

- (gülür) Bilmirəm, onu özündən soruşmaq lazımdır.

- Millinin xorvatlarla 1:1 hesabına görə deyilən mükafatı verdilər?

- Bu məsələyə çox toxunursuz. Bax, sual verirsiniz ki, mükafat olacaq? Mən də cavab verirəm ki, olacaq və min bərəkət. Camaatı çaşdırmaq lazım deyil. Mükafata görə oynamırıq. Amma nə verirlərsə, bərəkət, bizi qane edir. Məbləğ normaldır. Amma yenə deyirəm, nə versələr, min bərəkət. "Facebook"da, saytda-zadda insanlarda elə bir fikir formalaşdırırsız ki, camaat deyir, bunlar ancaq pula görə oynayır. Azarkeşlərdə futbolçulara qarşı neqativ fikirlər formalaşır. Amma elə deyil, adama deyərlər, bacarırsan, gəl sən də futbolçu ol. Hamının uşağı var, qoysun, futbolçu olsun, görək olur. Əziyyəti var bunun.

 


Etiketlər:  Camaat elə düşünür bunlar ancaq pula görə oynayır Cavid Hüseynov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ