Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bir ömür boyu onun yanında olacağam” - FOTO

“Bir ömür boyu onun yanında olacağam” - FOTO

Tarix: 6 May 2022 21:56

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Sevil onu dağıntılar altından xilas edən Talış Şərifovla nişanlanıb. Hər iki gənc indi Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələridir.

Sonxeber.net bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Dövlət Aqrar Universitetində onlarla görüşüb.

Talışla Sevil bir məhəllədə yaşayırlar. Bir-birilərini də uşaq vaxtlarından tanıyırlar. Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutanda Sevil atası və anası ilə birgə həyətlərinə düşən raket nəticəsində dağıntılar altında qalıb.

O dəhşətli gecədən danışan Talış Şərifov deyib: "Həmin vaxt evimizin zirzəmisində idik. Gecə saat təxminən 2-də şiddətli partlayış səsi eşitdik. Hiss olundu ki, raket yaxın əraziyə düşdü. Sevilgillə bizim ev yaxın olduğundan qaçaraq onların evinə getdim. Hər yer darmadağın olmuşdu. Toz-torpaqdan göz-gözü görmürdü. Sevilin ayaqlarını dağıntılar arasında gördüm. Huşunu itirmişdi, başından qan axırdı. Tez onu dağıntılar altından çıxardım. Yeriyə bilmirdi, qucağımda evimizə gətirdim. Xoşbəxtlikdən həmin gecə qardaşı evdə yox idi. Lakin Anar əmi ilə Nurçin xalanın (red - Sevilin valideynləri) axtarışları 12 saat davam etdi. Təəssüf ki, onları xilas etmək mümkün olmadı...".

Talış Şərifovun sözlərinə görə, Sevillə bir-birilərini hələ uşaq vaxtlarından tanıyırlar. "O dəhşətli gündən bəri həmişə Sevilin yanındayam, ona dayaq olmağa çalışıram. Bir ömür boyu da yanında olacağam," - deyə o əlavə edib.

Sevil isə o günü belə xatırlayır: "Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim. O gündən bəri çox ağır psixoloji sarsıntı keçirdim. Talış hər zaman mənim və qardaşım Hüseynin yanında oldu. Erməni vəhşiliyi bizim həyatımızda silinməz iz buraxdı, ancaq biz bir-birimizə arxalandıq və taleyimizi də birləşdirməyə qərar verdik".

Hər iki valideynini itirən Sevil gələcəkdə müəllim kimi işləmək istəyir. "İstəyirəm ki, gənclərə erməni vəhşiliyindən danışım, qoy, onlar düşmənimizi daha yaxşı tanısınlar", - deyən Sevil həmin günləri heç vaxt unutmayacağını bildirib.

Qeyd edək ki, Sevil Əliyeva və 10 yaşlı qardaşı Hüseyn ana nənəsinin himayəsində qalırlar.


Etiketlər:  ömür boyu onun yanında olacağam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ