Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 14:16
"Putinin yaxın ətrafı onun Ukraynaya qarşı irimiqyaslı hücum planı barədə xəbərdar edilməmişdi".
Sonxeber.net azpolitika-ya istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində məşhur "Bellingcat" layihəsinin rəhbəri, tanınmış bolqarıstanlı jurnalisr Xristo Qrozev deyib.
Məlumat üçün bildirək ki, "Bellingcat" müharibə bölgələrilə bağlı özəl və mötəbər araşdırmaları ilə məşhurdur, Qrozev isə xüsusi xidmət orqanlarında mənbələri olan ən məlumatlı jurnalistlərdən sayılır.
Qrozev müsahibəsində bildirib ki, hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov belə Putinin genişmiqyaslı hücum planlaşdırdığına inanmayıb və hərbi müdaxilə olacağı təqdirdə, bunun "lnr" və "dnr"-lə məhdudlaşacağını düşünüb: "Hətta Lavrov sona qədər inanırdı ki, bu, müharibə hədəsi kimi bir şey olacaq və real olaraq yalnız "lnr" və "dnr"-i əhatə edəcək . O, bunun real müharibə olacağını biləndə isə şoka düşmüşdü".
Qrozev bu məlumatın mənbəyi barədə də danışıb və deyib ki, bunu Lavrovun qızı öz yaxın tanışına söyləyib.
Jurnalistin dediyinə görə, Putinin yaxın ətrafının Ukraynaya hərbi müdaxilə ilə bağlı danışarkən sifətlərindəki qeyri-müəyyənlik və inamsızlıq ifadəsi də müharibə barədə əvvəlcədən xəbərdar olmamaları, bunu gözləməmələri ilə bağlıdır: "Buna görə həmin adamlar bu sifətdədirlər. Buna görə Peskovun sifəti belədir... Bu sifəti ruh yüksəkliyini ifadə edən sifət adlandırmaq və onun öz dediyinə inandığını söyləmək çətindir. Əvvəllər bu mənzərəni görməmişik. Təəssüf ki, elita çox qorxur..."
Qrozev deyib ki, Rusiya elitası hələ ki, Putinə qarşı çıxmağa qorxur və bununla yanaşı, bütün bu baş verənlərə son qoymağın yollarını arayır: "Bugünlərdə həmkarlarımla birgə Putinə yaxın bir oliqarxın digər oliqarxlarla söhbətinin səs yazısına qulaq asdıq. O, bir xəstəliyin adını çəkərək, Putinin bu xəstəlikdən tezliklə ölməsini arzuladığını deyir: "Çünki o, bizi məhv edib, Ukraynanı məhv edib, Rusiyanı məhv edib". Onlar belə düşünürlər və bunun necə qurtaracağını passiv və yaxud aktiv şəkildə müzakirə edirlər".
Qeyd edək ki, doğrudan da müharibənin ilk günlərində Rusiya rəhbərliyindəki şəxslər ziddiyyətli bəyanatları ilə yadda qalmışdılar və onların özlərini itirdikləri müşahidə olunurdu. Lavrov başda olmaqla, Putinin demək olar bütün ətrafı hərbi müdaxilə olmayacağını dönə-dönə bəyan edirdilər. Hətta Putin "lnr" və "dnr"-in "müstəqilliyini" tanıdığını bəyan etdikdən sonra bu qondarma qurumların hansı sərhədlər daxilində "tanınmasına" dair fərqli fikirlər səsləndirilmişdi.
Belə ki, Lavrovun müavini Andrey Rudenko qondarma qurumların həmin vaxt real nəzarət etdikləri sərhədlər daxilində "tanındığını" demişdi. Eyni fikri Rusiya Federasiya Şurasının nümayəndəsi Andrey Klimov da səsləndirmişdi. Hətta Putinin sözçüsü Dmitri Peskov da bununla bağlı sualdan yayınaraq, qeyri-müəyyən cavab vermişdi. Yalnız sonrakı günlərdə Putin özü qondarma qurumları Ukrayna tərkibində malik olduqları vilayət inzibati ərazilərinin sərhədləri daxilində "tanıdığını" bildirdi. Hazırda isə rus ordusu hər yolla həmin vilayətlərin sərhədlərinə çıxmağa çalışır. Lakin hələ ki, bir şey alınmır...