Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 11:40
Vladivostok şəhərinin Frunzenski rayon məhkəməsi Saxalin Vilayət Dumasının deputatını diri yencək qaçaqmalçılığında iştirakda və gömrük rüsumlarından yayınmaqda ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Federal Dairəsinin nümayəndəsi bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin qeyd etdiyi kimi, söhbət Dmitri Paşovdan gedir. Bundan əlavə, Rusiyanın ən varlı deputatlarından biri bir milyon rubl məbləğində cərimə olunub. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
İş materiallarından məlum olur ki, deputat mütəşəkkil dəstənin tərkibində Rusiyadan Yaponiya, Koreya Respublikası və Çinə ümumi çəkisi 3391 ton, bazar dəyəri 2,6 milyard rubl olan diri yencək ixrac edib. Ödənilməmiş gömrük rüsumları 9,2 milyon rubl olaraq qiymətləndirilib.
Paşov 2021-ci ilin fevralında ezamiyyətlə Xabarovska uçarkən saxlanılıb. Əvvəlcə bildirilib ki, Paşov "köhnə, məsuliyyətə cəlb edilmə müddəti artıq başa çatmış iş" üzrə dindirilməyə çağırılıb. Söhbət deputatın dostlarının şirkətindən birinin Primorsk diyarındakı Samarqa çayından Qırmızı Kitaba düşən balığı tutduğu, lakin Paşovun özünün ona toxunmadığı videodan gedir.
Lakin sonradan Saxalin mediası deputatın özünün qanunsuz balıqçılıqla məşğul olduğunu göstərən kadrlar dərc edib. Bundan sonra Paşov Oleq Kanın işlərində - xaricə çıxarılan yencəkin dəyərini aşağı salmaqda və gömrük rüsumlarından yayınmaqda ittiham olunub.
2020-ci ilin sentyabrında "Forbes" Paşovu Rusiyanın ən zəngin deputatı elan edib. Onun ailəsinin 2019-cu ildəki gəliri 6,2 milyard rubl olaraq qiymətləndirilib. 2021-ci ildə Paşov "Forbes" jurnalına görə Rusiyanın ən zəngin dövlət qulluqçuları və deputatları reytinqində üçüncü yeri tutub.
Aslan Məmmədov