Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan Azərbaycanın suverenliyinə KOBUD MÜDAXİLƏ: Arayikin təslim edilməsi…

Rusiyadan Azərbaycanın suverenliyinə KOBUD MÜDAXİLƏ:  Arayikin təslim edilməsi…

Tarix: 25 Iyun 2022 20:24

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda prezident İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramovla keçirdiyi görüşlərdən belə nəticəyə gəlmək olar ki, şimal qonşumuz ölkəmizə qarşı ənənəvi müstəmləkə siyasətindən geri qalmır, qalmaq da istəmir.

Bu gün Rusiya Ukraynada davam etdirdiyi qanlı müharibəyə görə Qərbin ağır sanksiyalarına, embarqolarına tuş gəlib və bundan yayınmaq üçün Azərbaycanın imkanlarından faydalanmaq istəyir. Bu səbəbdən, Zəngəzur dəhlizi boyunca nəqliyyat xəttinin realizə edilməsində Kreml müstəsna canfəşanlıq sərgiləyir.

Bu ilin fevralında Moskvada Rusiya və Azərbaycan arasında 43 maddədən ibarət "Müttəfiqlik Bəyannaməsi" imzalanmışdı və belə demək mümkünsə, Kreml məlum sazişdən irəli gələn maddələrin yerinə yetirilməsində daha çox istəklidir. Ruslar həm də bu sazişə ona görə güvənirlər ki, bu, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasına sədd çəkir.

"Müttəfiqlik Bəyannaməsi" Azərbaycanın demokratik dünyaya inteqrasiyasını bir müddət ləngidə bilər, ancaq bunun qarşısını birmənalı olaraq ala bilməyəcək.

Milli.Az kaim.az-a istinadən bildirir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gəldikdə, Rusiyanın əsas prioriteti budur ki, prosesin gedişində sona qədər ana vasitəçi olaraq qalsın. Yəni Rusiya sülh müqaviləsinin imzalanmasında, sərhədlərin müəyyənləşdirilməsində, regional nəqliyyat xəttlərinin blokdan çıxarılmasında əsas söz sahibi kimi Avropa İttifaqını yox, məhz özünü görür.

Doğrudur, Rusiyanın xarici işlər naziri S. Lavrov "Dağlıq Qarabağ" ifadəsini dilə gətirmədi, ancaq Xankəndidəki qeyri-qanuni erməni silahlılarının aqibətinə də toxunmadı. Halbuki, 10 noyabr razılaşmasının 4-cü maddəsinə görə, erməni yaraqlılar ərazini tərk etməli idilər. Lakin Rusiya hələ də Arayik Arutyunyan adlı separatçını Cənubi Qafqazda öz geopolitik maraqları naminə müdafiə və mühafizə etməkdə davam edir.

Təəssüf ki, Kreml hələ də onda maraqlıdır ki, Azərbaycan həm də xarici siyasətini reallaşdırarkən, Rusiya ilə konsultasiyalar aparsın. Bu, mənə görə, Azərbaycanın suverenliyinə kobud müdaxilədir və yolverilməzdir.

Azərbaycan müstəqil dövlətdir və xarici siyasət doktrinasını özü həyata keçirməlidir.

Milli.Az


Etiketlər:  Rusiyadan Azərbaycanın suverenliyinə KOBUD MÜDAXİLƏ Arayikin təslim edilməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ