Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 09:18
1991-ci ildən sonra keçmiş sovet ölkələrinin ictimai rəyində onların gələcək inkişaf istiqamətləri ilə bağlı bir dilemma formalaşmışdı və ya formalaşdırılmışdı. Onlar ya Avroatlantik institutlara inteqrasiya yolunu seçməli, ya da Rusiyanın çətiri altında olan iqtisadi və hərbi blokların üzvü olmalı idilər. Həmin dövrdən etibarən Qərb və Rusiya siyasi şərhçiləri də bu ölkələri təhlil edərkən məhz belə ağ-qara prizmadan dəyərləndirməyə başladılar: hansı dövlət daha çox Qərbə, hansı dövlət isə daha çox Rusiyaya yaxındır.
Sonxeber.net Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, Azərbaycan 1993-cü ildən etibarən "balanslaşdırılmış" xarici siyasət konsepsiyasına uyğun siyasət yürütməyə başlamışdır. Bu konsepsiyanın əsas prinsipi ölkənin hansısa bir böyük güc mərkəzindən həddindən artıq asılı vəziyyətə düşməsinin qarşısını almaq və milli maraqlara əsaslanan siyasət yürütmək idi. Digər vacib məqam isə Azərbaycanın həmin güc mərkəzlərinin mübarizə meydanına və ya oyuncağına çevrilməməsi idi. Bu siyasətin məqsədi böyük dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması idi.
Qoşulmama Hərəkatı (QH) kiçik dövlətlərin güclü ölkələrin hegemonluğuna qarşı öz mövqelərini ortaya qoymaq cəhdi kimi ortaya çıxmışdır. QH ölkəmizin xarici siyasətində tarixi sınağı 2020-ci ildə Vətən Müharibəsi zamanı keçdi. O zaman Fransa və Rusiyanın BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı hazırladığı sənəd QH üzvü dövlətlərinin mövqeyinə görə qəbul edilmədi.
QH-nın üzvləri əvvəl də dəfələrlə beynəlxalq təşkilatlarda böyük oyunçuların maraqlarına zidd səs vermiş və bəzən qərarların qəbul edilməsinə nail ola bilmişlər. Kiçik dövlətlərin beynəlxalq münasibətlərdə birlikdə mövqelərini ortaya qoymasını Kissincer vaxtilə narazılıqla "zəiflərin tiranlığı" (tranny of the weak) kimi təsvir etmişdi.
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi missiyasını öz üzərinə götürmüş ABŞ, Fransa və Rusiyada mövcud olan güclü erməni lobbisinin bu ölkələrin xarici siyasətlərinə təsirlərini yaxşı bilirik. QH istər keçmiş həmsədr ölkələrin, istərsə də digər Qərb ölkələrindəki erməni lobbisinin və xristian həmrəyliyinin təsiri ilə formalaşan siyasətə qarşı çıxmaq üçün qlobal miqyasda nadir sivil platformalardan biridir.
30 iyunda Prezident İ. Əliyevin QH-nın Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışından 3 mühüm məqamı qeyd etmək olar. Birincisi, ölkə başçısı bir neçə dəfə QH-ı daxilində "həmrəy"liyin əhəmiyyətini vurğuladı. İkinci məqam Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə dair fikirləri idi. Üçüncü məqam isə ölkəmizə qarşı böyük dövlətlərin ikili standartlarını misal kimi gətirərək, bütövlükdə müasir beynəlxalq institutların və sistemin tənqid edilməsi, onun islah edilməsində QH ölkələrinin oynaya biləcəyi rolun göstərilməsi idi.
Müasir çox qütblü dünyada QH-na üzv olan dövlətlər fərdi şəkildə beynəlxalq münasibətlər sistemində böyük təsir gücünə və nüfuza malik olmaya bilərlər, Azərbaycanın onlarla iqtisadi əlaqələri güclü olmaya da bilər. Lakin, Afrikanın, Asiyanın və Okeaniyanın hər bir ölkəsinin Azərbaycan üçün gələcəkdə tale yüklü məsələdə həlledici səsvermə hüququna malik olma imkanıdır. Buna görə də, dünyada iqtisadi gücündən və əhalisinin sayından asılı olmayaraq hər bir dövlətlə yaxşı münasibətlərin saxlanılması zəruridir. Azərbaycanın bu siyasətinin elmi adı çoxtərəfli (multilateral) xarici siyasətdir.
Şərhçilər QH-nı son zamanlara qədər "ölü" və mənasız qurum kimi göstərirdilər. Sədrliyin ölkəmizə keçməsi ilə QH-nın fəaliyyətində canlanma yaşanmaqdadır. Bu müddətdə:
-Diplomatiyamız QH-ı adından bir çox ümumbəşəri məsələlərlə bağlı təşəbbüslərlə çıxış etdi,
- QH-nın institusional əsaslarının möhkəmlənməsi üçün (Parlament Şəbəkəsi, Nyu York ofisi) təkliflər irəli sürdü,
-QH vasitəsilə təkcə dövlətlər deyil, eyni zamanda xalqlar arasında da həmrəyliyin gücləndirilməsi.
Azərbaycanın uğurlu sədrliyinin nəticəsidir ki, QH tərəfindən Azərbaycanın sədrlik müddəti uzadıldı. Bunlar diplomatiyamızın post-münaqişə dövründə keyfiyyətcə yeni, qlobal miqyasa çıxdığını göstərir.