Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 19:22
Orqan köçürülməsi əməliyyatları niyə bu qədər bahadır?
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, dünyada olduğu kimi Azərbaycanda da orqan çatışmazlığından əziyyət çəkən insanların sayı kifayət qədərdir. Əməliyyat xərcləri yüksək olduğundan hər pasient bu tibbi xidmətdən yararlana bilmir. Bəs görəsən orqan transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulubmu ? Mövzunu araşdırmışıq.
Ya donor tapılmır, ya da əməliyyat etdirmək üçün pul. Nəticədə il ərzində orqan çatışmazlığından əziyyət çəkən bəzi şəxslər sağlamlıqlarına qovuşa bilmirlər.
İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilmədiyindən orqan köçürülməsi əməliyyatları xəstələrin öz hesabına həyata keçirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 120 nəfər üzərində 203 transplantasiya əməliyyatı həyata keçirilib ki, bunun da 70 faizini böyrək köçürülməsi təşkil edib. İkinci yerdə isə qaraciyər və onun seqmentlərinin nəqli qərarlaşıb.
Böyrək nəqli 15-20 min, qaraciyər transplantasiyası isə 35-40 min manata başa gəlir.
Tanınmış transplantoloq Mircəlal Kazıminin sözlərinə görə, donor tapan xəstələrin çoxu vəsait çatışmazlığı ucbatından əməliyyat edilə bilmirlər.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayının artırılması planlaşdırılır. Bununla bağlı layihə hazırlanıb və aiddiyyəti üzrə təqdim olunub. Yeni siyahıya orqan transplantasiyası da daxil edilib. Təklif təsdiqini taparsa, orqan köçürülməsi limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.