Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 14:30
Bakı. Trend:
STAR neft emalı zavodunun xammal və hazır məhsul saxlama potensialını artıracaq obyektlərdən biri istifadəyə verilib, ikincisinin təməli qoyulub. Trend bu barədə SOCAR-a istinadən məlumat verib.
Məlumata görə, “SOCAR Türkiyə”nin törəməsi olan və ildə 10 milyon ton xam neft emal gücünə malik STAR zavodunun saxlama tutumunun artırılması məqsədi ilə yeni investisiya layihələri həyata keçirilir. Bunlardan “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi başa çatdırılaraq istifadəyə verilib, STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə start verilib. Bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov, STAR neft emalı zavodunun və layihədə iştirak edən podratçı şirkətlərin rəhbərləri iştirak ediblər. Yeni investisiyalar “SOCAR Türkiyə”nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 milyon kubmetrə çatdırmağa imkan verəcək.
Təntənəli mərasim ilə açılışı keçirilən “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 335 000 kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevriləcək. Tikintisi 2017-ci ilin sentyabrında başlamış obyekt dizel, benzin, təyyarə yanacağı və reformat məhsullarının saxlanılması üçün nəzərdə tutulub.
Hazırda təməli qoyulan “STAR neft emalı zavodunun xam neft və ara məhsul çənləri” layihəsi isə emal zavodunun anbar tutumunu artırmaqla yanaşı əməliyyat çevikliyini də təmin edəcək. Əlavə 342 000 kubmetr saxlama imkanı yaradan bu növbəti layihənin 2021-ci ilə tamamlanması nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin