Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Nənəsi ölmüş" xanımın toruna düşənlər - TƏHQİQAT

Tarix: 17 Avqust 2022 21:26

Rusiyanın Norilsk şəhər məhkəməsi ölən nənəsinin dəfni üçün ölkənin müxtəlif bölgələrindən olan 67 nəfəri aldadaraq, dələduzluq yolu ilə onların pulunu mənimsəyən qıza hökm çıxarıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk məlumat verib. O, bildirib ki, Sterlitamak qəsəbə sakini 22 yaşlı qız 2019-cu ilin oktyabrından 2021-ci ilin aprelinə qədər çoxsaylı bank hesabları üzərindən internetdə kişilərlə tanış olub.

O, seçdiyi qurbanlarına nənəsinin "öldüyü" barədə yanıqlı-yanıqlı danışıb, sonra isə onlardan dəfn xərclərini ödəmək üçün pul "borc vermələrini" xahiş edib. O, zərərçəkmişlərdən bəzilərinə üzü ağ çarşabla örtülmüş yalançı cəsədlə çarpayının fonunda fotoşəkil də göndərib.

Ürəyiyumşaq kişilər fırıldaqçıya müxtəlif məbləğlərdə pul köçürməklə ona "yardım edib". 22 yaşlı qız qurbanlardan daha çox pul qoparmaq üçün maraqlı, təsiredici əfsanələr uydurub.

Beləliklə, fırıldaqçı xanım bu yolla Rusiyanın 20-dən artıq şəhərindən olan şəxsləri öz toruna salmağı bacarıb. Qurbanların arasında ən çox "yardım etmiş" şəxslərin kimliyi açıqlanıb.

Tatarıstanın 28 yaşlı sakini beş ay ərzində dələduza 417 min rubldan çox məbləğdə 56 köçürmə edib. 35 yaşlı Norilsk sakini isə bir ayda 13 dəfəyə 237 min rubldan çox pul göndərib. Daha iki Norilsk sakini isə "nənəsi ölmüş imkansız qıza" 162 min rubl yardım edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübuta yetirilən zərərin ümumi məbləği təxminən 2,3 milyon rubl təşkil edir.

Krasnoyarsk polisi cinayətkarı saxlayarkən axtarış zamanı onun evində 1,25 milyon rubl (təxminən 161.000 ABŞ dollarI) aşkar edərək götürüb. (publika.az)

Milli.Az


Etiketlər:  Nənəsi ölmüş xanımın toruna düşənlər TƏHQİQAT


RƏYLƏR