Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron təhqir etdiyi ölkəyə gedir - Keçmiş müstəmləkə isə üzr gözləyir

Makron təhqir etdiyi ölkəyə gedir - Keçmiş müstəmləkə isə üzr gözləyir

Tarix: 22 Avqust 2022 22:56

Fransa Prezidenti Emmanuel Makron bu həftə əlcəzairli həmkarı Əbdülməcid Təbbunun rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sonuncu dəfə 2017-ci ildə Əlcəzairə gedən Makronun bu səfəri iki ölkə arasında gərginlik dövrünə təsadüf etdiyi üçün diqqət çəkir.

Fransa 132 il müstəmləkə altında saxladığı Əlcəzairdə hələ də güclü aktor kimi görünməyə çalışır.

Ölkəsində prezident seçkiləri kampaniyası ərəfəsində Makron diplomatik etikaya sığmayan açıqlamalar verərək Fransa-Əlcəzair münasibətlərinin böhrana sürüklənməsinə səbəb olub. Makronun gərginlik yaradan açıqlamalarından birincisi keçən il Le Monde qəzetinə verdiyi müsahibədə "1830-cu ildən əvvəl Əlcəzair adlı bir xalq var idimi?" cümləsiydi.

Əlcəzairdə böyük hiddət yaradan bu sözlər ölkədə ən yüksək səviyyədə pislənməklə yanaşı, sosial şəbəkələrdə də Makron və Fransaya qarşı kəskin reaksiyalara səbəb olmuşdu. Əlcəzair hökuməti təkcə etiraz bəyanatları ilə kifayətlənməyib, Parisdəki səfirini ölkəyə çağırıb və Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayıb.

Əlcəzair hökuməti Fransanın müstəmləkəçiliyi dövründə hüquqlarının pozulmasına və minlərlə insanın həyatını itirməsinə görə Parisdən rəsmi üzr tələb edir.

İndiyədək bu tələbləri yerinə yetirməkdən imtina edən Paris 2020-ci ildə müstəmləkəçilik əleyhinə müqavimət hərəkatlarında iştirak etmiş əlcəzairli vətənpərvərlərin sümüklərini Əlcəzairə qaytarmaqla kifayətlənib. Fransa hələ də müstəmləkə dövründə işlədiyi bəşəri cinayətləri üzərindən atmaq üçün müqavimət göstərməkdə israrlıdır.

Milli.Az


Etiketlər:  Makron təhqir etdiyi ölkəyə gedir Keçmiş müstəmləkə isə üzr gözləyir


RƏYLƏR