Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 15:38
Avqustun 20-si Binəqədi rayonu 8-ci mikrorayon Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan "Toyota Prado" markalı avtomobilin görüntüləri yayılıb.
Ön hissəsindən nömrə nişanı sökülmüş 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobil 75-80 yaşlı Əliyar adlı şəxsə məxsusdur. O, əhali arasında "Zerkalnı Əliyar" adı ilə tanınır. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qafqazinfoya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib. O, intizamsız sürücü kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğludur: "Bu ilin 20 iyun tarixində o, eyni əmələ görə 4 bal və 100 manat cərimə edilib. Daha sonra, avqustun 20-si bu əməli təkrar edib. Təəssüflə qeyd etməliyəm ki, müəyyən qayda pozuntuları var ki, misal üçün qarşı yola çıxıb nəqliyyatın axınına qarşı hərəkət etmək cəriməsi 100 manat və 4 baldır, lakin bu əməllər təkrar edildikdə daha ağır cərimə növü tətbiq edilmir, çünki qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, qanunvericiliyimizdə bu cür qanun pozuntularını il ərzində təkrarlayan şəxslə bağlı daha ağır sanksiya yoxdur.
Göründüyü kimi, görüntüdəki şəxs iyun ayında və avqust ayında eyni əməli təkrar etsə də, hər dəfə eyni cəzanı alıb: 100 manat və 4 cərimə balı. Birbaşa yol hərəkəti üçün ciddi təhlükə və təhdid yaradan qayda pozuntuları il ərzində təkrarlanırsa, ikinci dəfə törədildikdə sürücülük hüququnun məhdudlaşdırılması qanunvericiliyimizdə nəzərdə tutulsaydı, bu daha ədalətli və effektli olardı. Belə sürücülər də düşünməzdi ki, cərimə ödəməklə məsələ bitir. Məsələn, qırmızı işıqda keçənlərlə də bağlı belə olmalıdır. İl ərzində 3 dəfə təkrar olunursa, hər dəfə 3 bal 60 manat cərimə edilir. Halbuki digər ölkələrdə belə qayda pozuntuları ilə bağlı qanunvericilikdə daha sərt tədbirlər nəzərdə tutulur. Ümumilikdə nəqliyyat axınına qrşı törədilmiş qayda pozuntularını törətmiş şəxs və nəqliyyat vasitələri ilə bağlı təkrarçılıq halları ilə bağlı qanunvericiliyimizdə dəyişikliklərin edilməsinə ehtiyac var.
Ölkəmizdə müəyyən cəzalar yüngülləşdirilib, bu, təqdirə layiqdir. Amma elə inzibati xətalar var ki, onların qarşısının alınması üçün məsuliyyət dərinləşməlidir. Bu proses həm ədalətli olmalı, həm də qanunun aliliyi prinsiplərinə zidd olmamaqla real vəziyyətə mahiyyəti üzrə qiymət verilməsi üçün tutarlı olmalıdır!"
Qeyd edək ki, cəmiyyətdə "Zerkalni Əlyar" adı ilə tanınan 77 yaşlı sürücü ilə bağlı çoxsaylı fikirlər dolaşmaqdadır. Bir çox sürücü onun avtomobilini gördükdə özlərini sığortalamaq, yolun kənarına çəkilərək təhlükədən uzaq olmağa çalışırlar.