Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqrar sığorta sistemi şəbəkəsini genişləndirir

Aqrar sığorta sistemi şəbəkəsini genişləndirir

Tarix: 25 Avqust 2022 19:40

Prezident İlham Əliyevin 2019-cu il avqustun 19-da imzaladığı Fərmanla yaradılan, Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu əhatə dairəsini genişləndirməkdədir. Bu günə qədər 1651 qısa nömrəsi və qurumla əməkdaşlıq edən sığorta şirkətlərinin filialları vasitəsilə bölgələrdən müraciətləri qəbul edən Aqrar Sığorta Müştərək Sığorta Şirkəti artıq bölgələrimizdə filialların açılışına start verib. Mərkəzi Aran bölgəsini əhatə edəcək ilk filial Göyçay rayonunda fəaliyyətə başlayıb.

Aqrar Sığorta Fondundan (ASF) bildirilib ki, şəhərin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi bir ünvanda, Göyçay şəhəri Natəvan küçəsində fəaliyyətə başlayan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Bu islahatlardan biri aqrar sığortadır ki, fəaliyyətə başladığı qısa müddətdə gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan fondun ilk filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.

Açılışda iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran bölgəsi DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər.

Hazırda ASF tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən, o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortalandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.

ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik kalkulyatoru" və "Heyvandarlıq kalkulyatoru" bölmələrində hesablaya bilərlər. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95 faizini əhatə edə bilib. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.

Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.


Etiketlər:  Aqrar sığorta sistemi şəbəkəsini genişləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ