Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 09:44
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.
Aİİ-dən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan Protokolu Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum imzalayıblar. Tədbirdə, həmçinin İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani iştirak edib.
Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov qonaqları salamlayaraq, onları İnstitutda görməkdən məmnun olduğunu bildirib. A.Şirinov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən prorektor ali tədris müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüsnan Bəy Fanani ali təhsil müəssisələri arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolunun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. İnstitutun tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən diplomat gələcəkdə təhsil sahəsində Aİİ ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.
İndoneziyanın Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum təşəkkürünü bildirərək, İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb.
Universitet haqqında ətraflı məlumat verən rektor ali təhsil müəssisəsinin 50 ixtisas üzrə 11 fakültədə təhsil alan 27 min tələbəsi olduğunu qeyd edib. Doktor Kasiyarno M.Hum Universitet və İnstitut arasında əlaqələrin qurulmasının qarşılıqlı faydasından bəhs edib.
Daha sonra qonaqlar İnstitutun kitabxanasını ziyarət ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin