Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 10:12
Bakı. Trend:
ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Sənəddə qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan ABŞ-ın Qərb ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub.
Bəyannamədə həmçinin ABŞ və Santa Fe şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.
Bəyannamənin sonunda 28 may tarixi Santa Fe şəhərində “Azərbaycan Milli Günü” elan edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin