Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 11:39
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, “beyin mərkəzləri”nin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ 19-cu əsrin sonlarında yaranmışdı:
"1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib".
F.Şəfiyev qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq Türk Şurasının xüsusi əhəmiyyət kəsb edən sahələrindəndir:
"Lakin, türk dövlətləri arasında ticarətin həcmi istənilən səviyyədə deyil. Turizm təkcə iqtisadi sahə deyil, eyni zamanda mədəni əlaqələrin gələcək nəsillərə daşınması üçün bir vasitədir və Türk Şurasına üzv dövlətlər bu sahənin inkişafına xüsusi diqqət ayırmalıdırlar".
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Şəfiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar. Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe sərgiləməlidirlər. Çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildiririb ki, Türk Şurası üzv dövlətlərin arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli platformadır:
"Şura türk xalqlarının ortaq mədəniyyət və irsinin qorunmasında mühüm rol oynayır. Tarixi İpək Yolunun canlandırılması iqtisadi sahədə əməkdaşlığımızın prioritetlərindən birini təşkil edir".
Nazir müavini Naxçıvan müqaviləsinin türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Sonra BMTM ilə Türkiyə Xarici İşlər Nazirliyi, BMTM ilə Macarıstan Xarici əlaqələr və Ticarət İnstitutu və BMTM ilə Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.
Tədbir "Türk Şurasının institutlaşmasının qarşısında problemlər və perspektivlər" və "Üzv dövlətlər arasında əməkdaşlığın gələcək perspektivləri" mövzularında panel iclaslarla davam edib. Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun prezidenti Günay Əfəndiyeva Türk Şurasının fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, hazırda dünyada baş verən qeyri-sabitliyə qarşı birgə mübarizə aparılmalıdır. Türk xalqlarının qədim tarixi, böyük mədəni irsi var. Müasir keşməkeşli dünyada fikir, təcrübə mübadilələrinə ciddi ehtiyac var. Türk xalqları hər zaman sülhün və maariflənmənin tərəfdarı olublar.
Konfrans müzakirələrlə davam edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin