Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 20:14
Azərbaycanın II Qarabağ müharibəsindəki tarixi Zəfəri İran üçün sanki bir sarsıntı, şok yaradıb. Çünki İran bunu gözləmirdi. Ona görə də İranı məhz bu reallıqdan irəli gələn geosiyasi vəziyyət qane etmir. Azərbaycan və Türkiyənin müttəfiqliyi, güclənməsi də İranı narahat edir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib
O qeyd edib ki, 2021-ci ilin yayında dəyişən İran hökuməti Azərbaycana daha çox təzyiq göstərmək istəyir:
"Həsən Ruhani hökuməti əməkdaşlığa meylli idi. Təbii ki, onlar da müəyyənləşmiş "İran xəttindən" çıxa bilmirdilər. Çünki bu İranın "ana xətti" hesab edilir. İndiki İran iqtidarı Azərbaycana, regiona qarşı daha aqressiv mövqedən çıxış edir. Hazırda İran daxilində hadisələr də burada mühüm rol oynayır. Onlar iddia edirlər ki, aksiyalar kənardan idarə olunur. Ona görə də İranda şiddətli mitinqlər baş verdiyi halda hökumət xarici təhlükələrdən bəhs edir. Hazırda İranda vəziyyət qeyri-sabitdir. Bunun əsas səbəbkarı İran hakimiyyətinin özüdür".
Fərid Şəfiyevə görə, İran hakimiyəti sünni-şiə mövzusunu qabartmaqla bundan regional səviyyədə imperializm faktoru üçün istifadə etməyə çalışır: "Bunun əksinə olaraq İranın Körfəz ölkələrində, Livan və Suriyada mövqeyi zəifləyib. Əfqanıstanda Taliban rejiminin olması isə İrana əlavə problemlər yaradıb. Səudiyyə Ərəbistanı ilə İran arasında da münasibətlər gərgin olaraq alır. Nüvə silahı ilə bağlı saziş də İran üçün çətinliklər yaradır. İran isə öz növbəsində ABŞ Prezidenti Cozef Bayden hökumətindən sanksiyalarla bağlı qərar gözləyirdi. Çünki sanksiyaların yumşalması ilə İrana iqtisadi cəhətdən müəyyən bir axının olması ehtimal edilirdi".
Mərkəz sədrinin fikrincə, İranın gözləntiləri olmadığı halda o daha aqressiv çıxış etməyə başlayır: "Paralel olaraq İran Rusiyaya dron satmağa başlayır. Bunun ardınca raket satmağı da planlaşdırılır. İranın Azərbaycan siyasətində SEPAH-ın rolunun olması ehtimal edilir. Çünki SEPAH İran daxilində özünü qeyri-stabil hiss edir. İran daxilində bir çoxları SEPAH-dan narazıdır. Bütün bunların fonunda onlar göstərməyə çalışır ki, Azərbaycan və İsrailə qarşı müəyyən əməliyyatlar aparmağa hazırdır".