Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 17:30
Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən "Show Me Azerbaijan" (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən bloger Şuşa şəhərinə səfər edib.
Mərkəzdən bu gün bildirilib ki, qonaqları qarşılayan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin aparıcı mütəxəssisi İsmayıl İsmayılov onlara şəhərin tarixi və mədəni abidələri haqqında, eləcə də şəhərin erməni işğalından azad edilməsində Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq haqqında məlumat verib. Daha sonra blogerlər şəhərin güllələnmiş abidələrini, Natəvanın evini, Şuşa qalasını, Vaqifin məqbərəsini, şəhərin tanınmış bəylərinin evlərini ziyarət ediblər, eləcə də Cıdır düzündə olublar. Xarici blogerlər öz yutub kanallarında Şuşa təəssüratları ilə bağlı bir sıra paylaşımlar ediblər.
D.Bernard eləcə də öz yutub abunəçiləri üçün Şuşadan videopaylaşım edərək, işğal dövründə dağıdılmış evlərlə bağlı təəssüfünü qeyd edib, bu evlərin tezliklə bərpa olunacağına inandığını bildirib. Misirli bloger Əmr Əl-Agizi Şuşada və Füzulidə son müharibənin nəticəsi olaraq evlərin dağıdıldığını, Füzulinin "ruhlar şəhərinə" çevrildiyini bildirib. Indoneziyalı bloger Diska Reşa Putra, qazax Asel Axmetova öz paylaşımlarında diqqəti minalanmış ərazilərə yönəldiblər. İspaniyadan olan bloger Marina Qomez isə Şuşanı "Azərbaycanın böyük musiqiçilər və şairlər şəhəri" adlandıraraq bu şəhərin təbiətinə heyran olduğunu bildirib.
Şuşa səfəri çərçivəsində proqramın ikinci hissəsi olaraq məşhur amerikalı bloger Duqlas Bernardın master klas təlimləri keçirilib. O, müasir dünyada blogerlik sənətinin əhəmiyyətindən, illər ərzində əldə etdiyi təcrübə haqqında danışıb, eləcə də "Show Me Azerbaijan" proqramı haqqında təqdimat edərək, onun Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı roldan, son zamanlar proqrama olan marağın artmasından bəhs edib. İƏGF Avrasiya Regional Mərkəzinin əməkdaşı Aydan Bağırlı təmsil etdiyi qurum haqda blogerlər qarşısında təqdimatla çıxış edib. Mərkəz təsis olunandan bəri həyata keçirilən beynəlxalq layihələr barədə, xüsusilə, müsəlman gənclərin həmrəyliyi istiqatmətində görülən işlər haqqında məlumat verib.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.
Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, "Show Me Azerbaijan" layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.