Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 09:42
Fransa Senatı anti-Azərbaycan qətnaməsi qəbul etdikdən sonra Milli Assambleya (MA) da ölkəmizə qarşı qətnamə təşəbbüsü ilə çıxış etdi. Qətnamələr bir sıra məqamlar üzrə üst-üstə düşsə də, yanaşma, mövqe və ritorika baxımından fərqlidirlər.
Görünən budur ki, Senatın qəbul etdiyi qətnamə Azərbaycana münasibətdə MA qətnaməsindən daha sərt kontekstə malikdir. Senat Azərbaycanı Qarabağda "təkrarlanan təcavüzdə" (les agressions répétées) ittiham etdiyi halda, MA qətnaməsində Azərbaycanın davranışı "müdaxilə və anneksiya" (l'invasion, l'annexion) sözləri ilə ifadə olunmuşdur.
Təmamilə əks yanaşma xarici aktorlara münasibətdə müşahidə edilir. Senatın qəbul etdiyi qətnamədə Rusiyanın Ermənistana yardım etməməsi birincinin Ukrayna münaqişəsi ilə məşğulluğu ilə izah edilir. MA sənədində isə Rusiya üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməkdə və Ermənistanda 5000-dən artıq hərbçiyə malik olmasına rəğmən "cinayətkar passivlik"də (d'une passivité coupable) və hətta Azərbaycana dolayısı yardım etməkdə ittiham olunur.
Sonxeber.net Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, MA qətnaməsi Azərbaycanı Ermənistanın 50 km2 ərazisini "işğal" etməkdə ittiham edir. Maraqlı budur ki, Paşinyan KTMT-nin son sammitində çıxışı zamanı Azərbaycanın nəzarətə aldığı əraziləri 140 km2 miqyasında qiymətləndirmişdi. Qətnaməyə görə Azərbaycanın qısamüddətli hədəfi Ermənistan ərazisi üzərindən Naxçıvana dəhliz əldə etmək, uzunmüddətli hədəfi isə "ekspansionist meyllərdən" (des velléités expansionnistes) və "pantürkist lahiyədən" (projet panturc) irəli gələrək Türkiyənin dəstəyi ilə Ermənistanın mövcudluğuna təhdid yaratmaqdır. Müqayisə üçün bildirək ki, Senat tərəfindən qəbul edilən qətnamə Azərbaycanın hədəflərini daha təvazökar formada - "etnik təmizləmə" kimi təqdim etmişdir. Müşahidə etdiyimiz kimi MA qətnaməsi xarici aktorlara (Rusiya, Türkiyə) münasibətdə daha sərt ritorikaya malikdir.
Ən böyük fərqlərdən biri qətnamələrdə Qarabağa münasibətdir. Senat Fransanın Qarabağda humanitar ofisinin yaradılmasını, qondarma qurumun tanınmasının və bu tanınmanın danışıqlar vasitəsinə çevrilməsinin zəruriliyini bəyan etdiyi halda, MA qətnaməsində Qarabağın tanınması və ya orda Fransanın istənilən bir formada təmsil olunması qeyd edilmir. Qətnamənin Qarabağla bağlı hissələri yalnız ermənilərin mədəni-dini irsinin qorunması məsələlərini əhatə edir.
Qarabağın tanınmasını MA qətnaməyə birbaşa salmasa da, mətn çərçivəsində 2020-ci il 3 dekabr tarixli 520 saylı qətnaməyə istinad edir. 520 saylı qətnamənin 1-ci bəndinə görə isə Qarabağın tanınması sülh prosesinin reallaşmasının zəruri hissəsi kimi nəzərdən keçirilir. Bununla belə, adı çəkilən qətnamələrin heç birində Qarabağ ermənilərinə münasibətdə "xalq" terminindən istifadə olunmur. Onun əvəzində hər iki sənəddə "əhali" (des populations) sözündən istifadə olunur.
Daha bir vacib fərq Laçın dəhlizi ilə əlaqədardır. Senat dəhlizin Azərbaycan tərəfindən nəzarətə götürülməsini pisləyib, dəhlizin statusunun dəyişilməz qalmalı olduğunu bəyan edərək, Bakıdan əvvəlki mövqelərə qayıtmağı tələb edir. MA qətnaməsində isə Laçın dəhlizi haqqında hər hansı bir xatırlama və ya qeyd yoxdur.
Minsk qrupuna (MQ) da fərqli münasibət müşahidə edilir. Senat qətnaməsində Ukrayna münaqişəsinin MQ-nin fəaliyyətinə təsirindən ümumi danışılırsa, MA qətnaməsində açıq bildirilir ki, Ukrayna münaqişəsi + Azərbaycanın bu formatı rədd etməsi MQ-nin birgə fəaliyyətinə çətinlik yaradır.
Senat, Fransa hökümətini Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə, Avropa üzrə tərəfdaşlarla birgə Azərbaycandan neft-qaz idxalına embarqonu tədbiq etməyə çağırdığı halda, MA "fərdi iqtisadi sanksiyaların" (de sanctions économiques personnelles) qəbul edilməsini vacib sayır. MA qətnaməsində sanksiya, iddia edilən "işğala" görə yox, Azərbaycanın gələcək mümkün "hücum-işğal" addımlarına qarşı çəkindirici faktor kimi təklif olunur. Həmçinin Senatdan fərqli olaraq MA qətnaməsində Aİ-ə ölkələrinə Azərbaycana qarşı sanksiyalara qoşulmaq barəsində çağırış yoxdur.