Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 14:08
“GSMA” Assosiasiyası tədqiqat apararaq 2019 – 2025-ci illərdə Rusiya və Ukrayna, o cümlədən digər MDB ölkələri və Gürcüstan ərazisində rabitə operatorları tərəfindən beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) investisiyaların 28 milyard dollar təşkil edəcəyini açıqlayıb. Xərclərin əsas hissəsi Rusiyanın payına düşəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “5G” şəbəkəsinin ilkin olaraq 2020-ci ildə artıq test zonalarının yaradıldığı Rusiya və Belarusda, 2021-ci ildə Qazaxıstanda, 2022-ci ildə Azərbaycanda, 2023-cü ildə Ermənistan, Gürcüstan və Moldovada, 2024-cü ildə Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda, 2025-ci ildə isə Ukraynada istifadəyə veriləcəyi gözlənilir.
Tədqiqata görə, operatorlar tərəfindən vəsaitlər əsasən məlumat saxlama sistemlərinin yaradılmasına və rabitə kanallarının inkişafına sərf ediləcək. Bu investisiyalar, həmçinin mövcud “4G” və “3G” infrastrukturunun əvəzlənməsi və dəstəklənməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev