Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Molla rejiminin hicab qərarının nəticəsi nə olacaq?

Molla rejiminin hicab qərarının nəticəsi nə olacaq?

Tarix: 7 Yanvar 2023 08:24

Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasasını daşdırıb. İnsanların rejim gücləri tərəfindən döyülməsi, təhqir olunması və həbs olunması, yüzlərlə aksiya iştirakçısının edam edilməsi də ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına kömək etmədi. İran rejimi nə qədər sərt və qəddar tədbirlərə əl atdısa da, kütləvi etirazçıların sayı da bir o qədər artdı, tələblər siyasi xarakter daşımağa başladı.

Ölkənin ali rəhbəri Seyid Əli Xamenei ictimaiyyət nümayəndələri ilə görüşündə baş örtüyü geyinməyən qadınların inqilabın düşməni kimi qəbul edilməsinin yanlış olduğunu bildirdi. O qeyd etdi ki, qadınlar baş örtüyündən istifadə etməyə bilərlər və buna görə onlara irad tutmaq düzgün deyil. Ali rəhbərin mövqeyindəki dəyişikliyi başa düşmək olar. O, ölkədəki sabitliyin nəyin bahasına olursa-olsun bərpa edilməsini istəyir. Lakin İranda baş verən hadisələrin gedişatına baxdıqda bu açıqlamanım çox gecikdiyini görərik. Düzdür, İrandakı daxili sabitlik məhz baş örtüyü səbəbindən pozulub. İyirmi iki yaşlı bir qızın sentyabrın 16-da baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq öldürülməsi İranda əhalinin küçə və meydanlara çıxaraq hökumət əleyhinə güclü etirazlara başlamasına gətirib çıxardı. Az keçmədi ki, tələblər siyasi xarakter daşımağa başladı. Artıq aksiya iştirakçıları baş örtüyünü qadağan edən qanunun ləğvini deyil, rejimin ləğvini tələb edirlər.

Hökumətin etirazçılara qarşı tətbiq etdiyi qəddarlıqlara baxmayaraq, aksiyaların əhatə dairəsi genişlənir. İranın tanınmış mədəniyyət, idman, ictimai xadimləri, jurnalistlər də aksiya iştirakçılarına dəstək verməyə başlayıblar. Onlar həbs və məhrumiyyətlərə məruz qalsalar da, mübarizəni davam etdirir, sosial şəbəkələrdə rejimə qarşı fikirlərini açıq ifadə edirlər.

Bu hadisələr İranın beynəlxalq nüfuzuna da ciddi zərbə vurub. İranda etiraz notası almayan avropalı səfir qalmayıb. Bütün bunlar İran hakimiyyətini xarici düşmən axtarışına vadar edir.

Beləliklə İranın ali rəhbərinin baş örtüyü barədə açıqlamasının ölkədə sabitliyin bərpasına nə qədər təsir edəcəyini zaman göstərəcək. Lakin görünən odur ki, İranda islam inqilabı tədricən dayaqlarını itirməkdədir. Baş örtüyü qadağasının aradan qaldırılmasından sonra dinin dövlətdən ayrılması və buna bənzər digər tələblərin də irəli sürüləcəyi istisna edilmir.

Milli.Az


Etiketlər:  Molla rejiminin hicab qərarının nəticəsi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ