Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 07:36
Şou verilişlərə həkimləri, mütəxəssisləri dəvət edib, onların reklamını aparırlar, adlarını da "1 nömrə", "əsas həkim" qoyurlar. Bu, sözsüz ki, ayrıseçkilikdir. Çünki jurnalist həkimin fəaliyyətinə qiymət verə bilməz. "Yüksək səviyyəli həkimdir" kimi ifadələrlə qiymət vermək jurnalistin, aparıcının ixtiyarından kənar məsələlərdir. Bu yanaşmalar, anlayışlar "Reklam haqqında" qanuna da ziddir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov son günlər teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspertlərin xüsusi təqdimatı üçün əlavə ödənişlər aldığına dair müzakirələrə münasibət bildirərkən deyib.
O, özünün və həmkarı Əli Məslimlinin "Reklam haqqında" qanunun müəllifləri olduqlarını xatırladıb: "Ona görə də, vurğulamaq istəyirəm ki, bu cür hərəkətlər "Reklam haqqında" qanunun müddəalarına ziddir. Televiziya rəhbərləri, Audiovizual Şura bu məqamları mütləq diqqətdə saxlamalıdır.
Həkimləri efirə çağırıb, hansısa mövzuda danışmaq olar. Amma bu şəkildə həkim reklamı ilə məşğul olmaq qanunsuzluqdur. Bu həkim yaxşıdır, ya pisdir kimi qiymət ictimai münasibətlərdən və ya mütəxəssis rəyindən qaynaqlana bilər".
Vahid Əhmədova görə, həkimlərin teleməkanlarda reklamı faktiki olaraq onların iki qrupa bölünməsi deməkdir.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev hesab edir ki, həkimlərin reklamı ilə bağlı qanunda müəyyən boşluqlar var: "Qanun nəyi qadağan etmirsə, ona icazə verilir. Amma məsələyə məntiqlə, mənəvi tərəfdən, insaf və vicdanla yanaşanda şübhə yoxdur ki, dərmanın, həkimin, klinikanın reklam olunması vətəndaşın cibinə girmək məqsədi daşıyır. Bu, vətəndaşın sağlamlığından kiminsə qazancı üçün istifadə etmək deməkdir.
Bir klinikanın o biri klinikadan, bir həkimin o biri həkimdən, bir dərmanın o biri dərmandan üstünlüyü göstərilməli deyil. Eyni zamanda ölkədə mövcud reklam bazarına baxdıqda televiziyalarda, saytlarda, sosial şəbəkələrdə öncül yerlərdə tibb xidməti, dərman və həkimləri görmək olur. Bu, əslində çox təhlükəli tendensiyadır.
Reklamla xəstə toplayan həkim özünə müştəri yığmış olur. Həkim bununla heç də xəstəni sağaltmağa yox, daha çox qazanc üçün müştəri toplamağa hədəflənir. Bununla da işbaza çevrilir. Həkimin ən böyük reklamı onun müalicə etdiyi xəstəsi olmalıdır".
Komitə sədrinə görə, reklam bazarında mövcud pərakəndəlik aradan qaldırılmalıdır: "Burada zərərli cəhət odur ki, Zaur, Xoşqədəm, Elgiz indi az qala Səhiyyə Nazirliyinin işini görürlər. Bu, diqqətdən kənarda qalan məsələ olmamalıdır.
Digər istiqamətdə xeyriyyəçilik adı ilə müəyyən vəsaitlərin toplanmasıdır. Bunun da çox vaxt real nəticəsi olmur. Elə xəstələr var ki, onların müalicəsini dövlətimiz həyata keçirir. İndiki halda isə müalicəsi olmayan xəstələrlə bağlı şoular yaradılır. Guya həmin xəstələri ölkədən kənarda müalicəyə aparırlar. Halbuki sonradan onun taleyi heç kəsə məlum olmur. Toplanmış vəsaitin da hara xərcləndiyi bilinmir".
Musa Quliyevin fikrincə, bu cür hallar birbaşa vətəndaşların cibinə girməkdir: "İctimai qınaqla yanaşı, müvafiq qanunlara da dəyişiklik edilməlidir. Səhiyyə və tibb xidmətlərinin reklamına xüsusi məhdudiyyətlər qoyulmalıdır. Milli Məclisdə sosial şifariş olan bütün məsələlər kimi bu məsələnin də müzakirəyə çıxarılması mümkündür. Bir millət vəkili kimi hesab edirəm ki, bu istiqamətdə ciddi sui-istifadə halları mövcuddur".
Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Əzizov bildirib ki, agentlik açıq məkanda reklam qurğularına nəzarəti həyata keçirir: "Teleməkanlarda bu cür reklam hallarına Agentliyin müdaxiləsi qeyri-mümkündür".
Media eksperti Müşfiq Ələsgərli deyib ki, bu verilişlərdə reklamla bağlı qanun pozuntusunun olduğu aşkar görünür: "Çünki bu məsələlər "Reklam haqqında" qanunla təmzimlənir. Gizlin reklam deyilən bir anlayış mövcuddur. Problem odur ki, qanunun bu prinsipləri həmişə pozulur. Gizlin reklam hansısa həkimin bir verlişdə ekspert kimi dəvət olunması fonunda ona ünvanlanan müraciətə "siz gəlin, bizim xəstəxanada onun müalicəsi var" cavabını verməsidir. Bu, artıq gizli reklam sayılır.
Əslində həkimin, mütəxəssisin işi müayinə ilə bağlı insanlara düzgün yol göstərməkdən ibarət olmalıdır. Amma efirə çıxıb insanları öz klinikasına çağırmaq, müştərisinə çevirmək qanunsuz reklamdır".
Müşfiq Ələsgərli hesab edir ki, sadalananlar ümumi mənzərənin yalnız bir nümunəsidir: "Son zamanlar avtomobillərin təmiri ilə bağlı da eyni mənzərə yaşanır. Efirlərə dəvət olunan ustalar müraciətlərə "bizim ustanın yanına gəlin, o baxsın" kimi cavab verirlər. Burada həkimlərlə bir eynilik var. Əgər hansısa bir müəssisə və yaxud şəxs reklam olunursa, yayımlanan görüntülərin üzərinə reklam anlamını verən "R" hərfi yazılmalıdır. Bununla da onun reklam xarakteri daşıdığı bilinməlidir".