Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 08:42
Kanadada mühacirətdə yaşayan Güney azərbaycanlı psixoloq və siyasi fəal Talas Afşarın Axar.az-a müsahibəsi:
- İranda azərbaycanlıların milli kimliyinin bərpasında siyasi, yoxsa mədəni fəaliyyətlər daha təsiredici amildir?
- İran siyasi cografiyasında fars nasionalizmi üzərinə qurulmuş şiə diktatorluğu və bir əsrə yaxın ağır assimilasiya siyasətinin nəticələri ilə qarşı qarşıyayıq. İranda yaşayan qeyri-fars millətlər, o cümlədən azerbaycanlılar ağır basqı altındadırlar. Gözdən pərdə asmaq üçün məhdud şəkildə şeir və ədəbi kitabların senzuradan keçirilərək yayımlanmasına icazə verilir. Təbii olaraq ana dilində tədris yasaq olduğu üçün bu işlər də fərdlərin şəxsi səyləri və əməkləri nəticəsində ortaya çıxır - heç bir dövlət dəstəyi olmadan. Bəzən isə bu fəaliyyətlər o şəxslərə ağır başa gəlir. Totalitar sistem milli məsələlərdə siyasi fəaliyyətin qapılarını bütünlüklə qapadıb. Milli fəallar separatçı və pantürkist damğası ilə ağır basqılara, uzunmüddətli həbslərə məruz qalır. Bizim məsələmizin əsl axsayan tərəfi Azərbaycan məsələsinin siyasiləşməməsi, onu təmsil edəcək partiyaların yetərincə güclü olmamasıdır. Bugünkü şərtlərdə içəridə daha mədəni fəaliyyətlərə ağırlıq verilməkdədir.
- 4 aydır İranda baş verən etiraz aksiyalarında Güney azərbaycanlıların rolu və iştirak səviyyəsini, təşkilatların fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bu durum Azərbaycan Milli Hərəkati üçün çox mürəkkəb və ziddiyyətlidir. İllərdir mücadilənin ana hədəfi mərkəzdən qaçış siyasəti üzərində qurulub. Mərkəz partiyaları və kürd terror təşkilatları ilə iş birliyi hərəkətin qırmızı xətti idi. Bu aksiyalarda, özəlliklə xaricdə fars mediasının ağır təbliğatı, digər tərəfdən isə mürtəce molla hakimiyyətinin törətdiyi faciələr və Azərbaycana qarşı mövqeyi milli hərəkətdə olan bir çox şəxsləri bu etirazlara qatılmağa sövq edib. Ancaq Azərbaycan bu etirazlara passiv bir şəkildə dəstək verdi. Aksiyalara qatılanlar milli istəklərimizi əks etdirən şüarlarla bu nümayişlərə qatıla bilərdilər, amma bu, lazımi səviyyədə baş tutmadı.
Misal olaraq, bu qarışıq vəziyyətdə hərəkat özünü göstərmək üçün 21 Azərin, Azərbaycan Milli Hökumətinin quruluş və süqutunun ildönümünü əsas götürüb təsirli addımlar ata bilərdi. Təəssüf ki, bundan istifadə edilmədi və Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış istənilən nəticəni vermədi.
- İranda etiraz aksiyalarında daha çox fərdi, siyasi azadlıqlar və məişət məsələləri ilə bağlı tələblər qabarıq şəkildə özünü göstərir. Milli hüquqlarla bağlı istəklərin ön planda olmamasının səbəbi nədir?
- Bu etiraz hərəkatını başladan olaya bağlıdır. Bilindiyi kimi, olay bir kürd qızın Tehranda əxlaq polisi tərəfindən öldürülməsi ilə başladı. Bu səbəbdən etirazlar ilk başda qadın haqları və qadınlara qarşı haqsızlıqlara istiqamətləndi. Etirazların ən çox işlənən şüarı da "qadın, yaşam, özgürlük" idi. İkinci səbəb isə rejimin acımasız mövqeyidir. Bu, etirazları bütün sistemə qarşı yönəltdi. Xaricdəki fars mediaların təzyiq və fəaliyyətləri burada ən önəmli amil idi. Elə bir atmosfer yaratdılar ki, milli istəklərin ortaya çıxmasına imkan verilmədi. Bu mövzuda bir qrup Güney azərbaycanlı siyasətçi və fəal "indi ixtilaf zamanı deyil, əvvəl bu rejimi devirək, sonra baxarıq" fikri ilə milli tələblərlə ortaya çıxmaq məsələsində pərakəndəliyin yaranmasına səbəb oldu. Qeyd etdiyim kəsim, irəli sürdükləri fikrə müxalif olanları rejimə işləməkdə ittiham edib, susdurmağa çalışdılar. Bu səbəbdən etiraz aksiyalarında qeyri-fars xalqların, özəlliklə azərbaycanlıların milli istəkləri arxa plana keçdi.
- İranda siyasi problemlə yanaşı dərin iqtisadi böhran hökm sürür. Bunun rejim dəyişikliyi və ya hansısa dərin islahata səbəb olması mümkündürmü?
- İran rejimi on illərdir Qərbin sanksiyalarına məruz qalıb. Özəlliklə son vaxtlar bu sanksiyalar İranın nüvə poroqamını dayandırmaq məqsədi ilə daha da şiddətlənib. İran iqtisadiyyatının şah damarı olan neft və qaz sənayesinin ixracatı bərbad günə düşərək, ölkənin əsas gəlir qaynağı olan neft satışına ağır zərbə vurub. Bu, İranda dərin iqtisadi böhrana səbəb olub. İranda davam edən nümayişlərin kökündə həm də elə bu iqtisadi böhranlar yatır. Əgər hakimiyyət Qərblə razılaşmasa, bu böhranların öhdəsindən gələ bilməyəcək, gələcəkdəki etirazlar dalğası Tehran rejiminin süqutu ilə nəticələnəcək. İranda hakimiyyətdə olan sistem isə quruluşunun mahiyyətinə görə dərin islahatlara əl atmaq gücündə deyil. Dərin bir islahata başlamaq mümkün olsa belə, bu da keçmiş Sovetlər Birliyində olduğu kimi molla rejiminin sonunu yaxınlaşdıracaq. Ona görə də iqtisadi böhran öz deyimləri ilə desək, "acların inqilabı" ilə nəticələnə bilər.