Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 22:26
Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etmək məqsədilə yüzminlərlə insan ölkə paytaxtı Parisin küçələrinə çıxıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Fransa KİV-i "Ümumi Əmək Konfederasiyası" (CGT) həmkarlar ittifaqına istinadən məlumat yayıb.
CGT-nin hesablamalarına görə, nümayişçilərin sayı 500 min nəfərə çatır. Bu, islahat əleyhinə ilk kütləvi etirazların keçirildiyi yanvarın 19-u ilə müqayisədə 100 min nəfər çoxdur.
Fransa mətbuatının məlumatına görə, nümayişlər əsasən dinc xarakter daşıyır. Buna baxmayaraq, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında müəyyən toqquşmalar olduğu da bildirilir.
BFMTV telekanalının məlumatına görə, Parisdə etiraz aksiyaları zamanı 6 nəfər saxlanılıb.
Qeyd edək ki, Fransanın digər böyük şəhərlərində də minlərlə insanın iştirakı ilə nümayişlər keçirilir. Həmkarlar ittifaqlarının məlumatına görə, Nantda 65 min, Lionda 45 mindən çox, Bordoda isə təxminən 70 min insan küçələrə axışıb.