Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2023 10:02
"Adanadayam, burada da zəlzələ güclü keçib. Çox güclü zəlzələyə oynamışıq. Şansımız onda gətirib ki, evimiz zəlzələyə davamlıdır. Ev çox güclü şəkildə silkələndi, amma ziyan dəymədi. Daha sonra bizə xəbər verdilər ki, evdə qalmaq olmaz. Bizə bir mərtəbəli evlərdə qalmağı tövsiyyə etdilər. Çadırlar qurulub, insanlara isti çay, yemək verirlər. Böyük mağazalar, restoranlar açıq deyil, amma balaca mağazalar açıqdır".
Sonxeber.net xəbər verir ki, bu sözləri xalq artisti Cahangir Novruzov moderator.az-a açıqlamasında deyib. Sənətkar bildirib ki, binaların möhkəm özüllü tikilməməsi onların daha tez uçmasına səbəb olub.
"Binalar möhkəm özüllü, zəlzələyə davamlı tikilməlidir. Zəlzələdən dünyasını dəyişən insanlardan biri də biz ola bilərdik. Maraqlısı da burasındadır ki, 2-3 ilin binaları çökür. Demək ki, vicdansız işbazlar binaları yaxşı tikməyiblər. İnsanları zəlzələ yox, yaxşı tikilməyən binalar öldürür. Əgər möhkəm tikilsəydi, bu qədər dağıntılar olmazdı", - deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, hələ evinə qayıtmağa icazə verilmir.
"Biz də bir dostumuzun həyət evinə müvəqqəti yerləşmişik. Mən gecəni maşında yatmışam. Həyat yoldaşım, nəvələrim də dostumuzun evində qalırlar. Nəvələr qorxur, onlara ürək-dirək veririk. İnanırıq ki, bu bəla, qara buludlar tezliklə Türkiyənin üstündən keçib gedəcək", - deyə xalq artisti bildirib.