Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda Abxaziya ssenarisi: Makron Putinin planını ifşa etdi

Qarabağda Abxaziya ssenarisi: Makron Putinin  planını ifşa etdi

Tarix: 16 Fevral 2023 08:09

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, son zamanlar Rusiya Azərbaycanla Ermənistan arasında sülh müstəvisindəki proseslərdə daha fəal olmağa çalışır. Başı Ukraynaya qarışdığı halda Rusiyanın bu həssaslığı nə ilə bağlıdır?

- Son dövrlər sülh prosesində Rusiyanın fəallığı hiss olunur. Bu çərçivədə Azərbaycan da lazımi diplomatik addımlar atır. Ölkəmizin mövqeyinə uyğun olaraq bundan öncə Ermənistana təqdim edilmiş olan 5 baza prinsipi üzərindən bu və ya başqa redaktələrin edilməsi də istisna olunmur. Amma bu bəndlər indiki halda artıq danışıqlar masasının üstündədir. Ermənistan da istər-istəməz bu məsələyə hansısa bir şəkildə reaksiya verməlidir.

- Erməni tərəfinin Rusiyanın bu yanaşmasına münasibəti necədir?

- Ermənilərin mövqeyi ondan ibarət olmuşdur ki, Rusiya guya onlara kömək etmir, Laçın yolunu güc tətbiq edib açmır və s. Ermənistanda bütün bunların məhz qərbyönümlü siyasət sərgiləmələri ilə əsaslandırmağa çalışmışdılar. Rusiya da indiki halda bu addımı atarkən daha çox görüntü yaratmağa çalışır. Şimal qonşumuz deməyə çalışır ki, biz heç də passiv deyilik. Hamı da başa düşür ki, Rusiyanın bu fəallığı ilə hansısa real bir nəticəni əldə etmək çox çətindir. Çünki erməni tərəfi mövqeyini dəyişmək istəmir.

- Buna mane olan səbəb nədir?

- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul edib ona riayət etmək siyasəti ilə bağlı öhdəlik götürmək istəmir. Ona görə də, bu istiqamətdə az da olsa görüntü yaradılmalıdır. Kənardan səslənən bəyanatlar da bunu təsdiq edir. Erməni tərəfi də açıqlayır ki, Azərbaycandan sülhlə bağlı təklif almışıq və onun üzərində işləyirik.

- Qərbin Rusiyanın fəallığı fonunda davranışları nədən ibarətdir?

- Baş verən proseslər Qərb tərəfindən diqqətlə izlənilir. Amma başa düşmək lazımdır ki, Rusiyanın indiki vəziyyətdə imkanları çox məhduddur. Bu, Ukraynadakı müharibə ilə bağlıdır. Onların bu bölgədə qalması bir növ bu cür münaqişələrlə bağlıdır. Çünki bilirlər ki, müharibədən sonra Rusiyanın zəifləməsi qaçılmaz olacaq. Bunun nəticəsində Rusiya öz sülhməramlılarını bu və ya digər təzyiq fonunda bölgədən çıxaracaq. Rusiya indi Qərbə məhz bunu təklif edir ki, bizə burada qalmaq üçün hansısa beynəlxalq bir çərçivə, status lazımdır. Eyni zamanda Qərbdə də bu məsələyə müsbət yanaşma var. Artıq Fransa deyir ki, biz Rusiyasız burada fəal siyasət aparmağa qadir deyilik. Faktiki olaraq ortada məhz bu cür oyunlar var. Sadəcə olaraq bu bölgədə Qərb-Rusiya qarşıdıruması nisbi xarakter daşıyır. Onların arasında gedən gedişlər "siyasi alverin" bir hissəsidir.

- Belə olduğu halda Kremlin layihəsi olan Ruben Vardanyanın Qərb mediasında yer almasını bu müstəvidə dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Bu həqiqətdir ki, Moskvanın adamı olan Vardanyan Qərb mediasına çıxış imkanları tapır və orada özü üçün hansısa absurd bəyanatlar verir. Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhəddində həm Qərb müşahidəçiləri, həm də rus sərhədçiləri dayanıb. Faktiki olaraq onların arasında gözəçarpan gərginlik yoxdur. Ona görə də, Qərbin bir hissəsi və Rusiya hazırdır ki, Abxaziyada olan formatı burada bərpa etsinlər. Çünki 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsindən əvvəl Abxaziyada Qərb, BMT, ATƏT, Avropa İttifaqı və Rusiyanın sülhməramlıları var idi. Həmin dövr Abxaziyada onlar bir-birinə maneə olmadan öz işlərini görürdülər. Ona görə də, istisna deyil ki, bu layihə artıq yenidən Qarabağ məsələsində gündəmə gətirilsin.

- Azərbaycanın izlənən bu xəttə reaksiyasi necədir?

- Ölkəmiz bu yanaşmaları çox yaxşı başa düşür və müxtəlif önləyici addımlar atır. Azərbaycan qəti şəkildə Qarabağda olan rus sülhməramlılarına beynəlxalq hansısa mandat verilməsini istəmir. Çünki heç bir mandatı olmayan Rusiya hərbi kontingentini Azərbaycan çox asanlıqla ləğv edə bilər. Amma bu beynəlxalq mandatlı bir missiya olsa burada bir ölkənin mövqeyindən asılılıq aradan qalxır. Burada BMT kimi təşkilatın mövqeyi əsas olur. Azərbaycanı da belə hal qane etmir. Ona görə də, Azərbaycan müxtəlif istiqamətlərdə addımlar atır. Rusiya ilə son zamanlar artan təmaslar da bununla bağlıdır.

Milli.Az


Etiketlər:  Qarabağda Abxaziya ssenarisi Makron Putinin planını ifşa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ