Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2023 20:15
Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər.
"Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ehtimal ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxta qayıtmayacaq. Biz ənənəvi tərəfdaşlarla ticarət sahəsində əməkdaşlıqla bağlı bəzi mənfi cəhətlərini, eyni zamanda, xüsusilə də kommunikasiya layihələri ilə bağlı bəzi üstünlükləri görürük. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına investisiya yatırıb və indi Mərəzi Asiyadan karqo nəqlinin Azərbaycandan keçməklə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Amma bildiyiniz kimi, bizim özümüz də təxminən 2 il əvvəl 44 gün çəkən müharibədə olmuşuq və biz müharibənin nə olduğunu, xalqlar üçün necə dağıntıya və məşəqqətə səbəb olduğunu bilirik. Ona görə də biz Avrasiyada sülhün bərqərar olunmasını istəyirik. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan uzunmüddətli qarşılıqlı nifrət mövqeyinin dəyişməsini nümayiş etdirməlidir və düşmənçilik başa çatmalıdır. Biz hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq və mən düşünürəm ki, bu ciddi tarixi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər", - dövlət başçısı vurğulayıb.