Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 11:50
"Milli Məclisin sonuncu Plenar iclasında "Sosial sığorta haqqında" Qanununda yeni dəyişikliklər müzakirə edildi və birinci oxunuşda qəbul olundu. Qeyd edək ki, uzun müddətdir ki, biz də Milli Məclis iclaslarında sərbəst vəsaitin sərmayəyə yönəldilməsi və bununla da sosial müdafiə sisteminin maliyyə təminatının daha da gücləndirilməsi üçün əlavə resursların cəlbini təklif edirdik. Bu baxımdan yeni dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək".
Sonxeber.net-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçı qeyd edib ki, onun Plenar iclasda çıxışı da məhz bu dəyişikliyin potensial təsirlərini qiymətləndirməsinə yönəldi:
"Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək.
Bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir. Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək".