Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 15:16
Bir çox insanların iş rejimi və ya həyat tərzi imkan vermir ki, yemək bişirməyə uzun vaxt sərf etsinlər. Ona görə də onlar ya sifarişlə yemək alırlar, ya da dondurulmuş qida və ya hazır təamları mikrodalğalı sobada bir neçə dəqiqəyə qızdıraraq yeməyi üstün tuturlar. Bəs belə sobaların insan orqanizmi üçün hansısa zərəri var?
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, terapevt Mətanət Cəfərova bildirir ki, burada əsas məsələ mikrodalğalı sobada nəyi və hansı temperaturda qızdırmaqdır.
Onun sözlərinə görə, mikrodalğalı sobadan düzgün istifadə edilmədiyi təqdirdə mədə-bağırsaqda fəsadlar yarana bilər. Bu hallar ishal, ürəkbulanma, başgicəllənmə kimi simptomlarla özünü biruzə verir. Həkim deyir ki, belə sobaların təsiri ilə xərçəngə yol açan xəstəliklərin yaranması faktı təsdiqini tapmayıb.
Qida üzrə ekspert Seymur Qafarov isə deyir ki, yemək hazırlandıqdan və soyuducuda saxlandıqdan sonra sadəcə bir dəfə mikrodalğalı sobada qızdırıla bilər.
Ekspert bildirir ki, mikrodalğalı sobanın hansısa kanserogen maddə yaratması, qidanın tərkibinə şüa ötürməsi barədə fikirlər yanlışdır. Onun sözlərinə görə, əgər belə sobalardan düzgün istifadə olunarsa, qidaya ciddi təsiri olmayacaq. Məsələn, dondurulmuş ət məhsullarının buzunun mikrodalğalı sobada əridilməsi düzgün deyil. Quru yeməkləri isə qızdırmazdan öncə üzərinə bir qədər ilıq və ya isti su əlavə edilməlidir.
Mütəxəssis onu da vurğulayıb ki, bu sobaya dəmir qatqı və falqa tərkibli, eyni zamanda plastik qablar daxil etmək olmaz. Qidanı mikrodalğalı sobada qızdırarkən xüsusi qablardan istifadə edilməli və üstü qalın streç kağızla örtülməlidir.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: