Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 12:10
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.
Sonxeber.net xəbər verir ki, şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılması və parklarda cari təmirlə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Eyni zamanda, qış mövsümündə zədələnmiş qazon örtüyünün landşaft dizaynı, bərpası və yenilənməsi, yeni gül və bitkilərin əkilməsi işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib. Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib.
Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işə qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər.
Görüşdə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən "Xruşşovka" adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir. Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.
Həmçinin yazın gəlişi ilə əlaqədar "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə Bakıda iməciliyin keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyəti idarə və müəssisə kollektivlərinə, sahibkarlara, paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək onları iməclikdə fəal iştirak etməyə çağırıb.