Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 22:30
Sonxeber.net bildirir ki, olay "Səs Azərbaycan"ın qalibi, "Avroviziya 2022" təmsilçisi Nadir Rüstəmli ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- "Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsi yayımlanır. Estrada ifaçıları narazılıq edir ki, əlimizdə bir "Səs" var idi, onu da milliləşdirdilər. Siz bu etirazlarla razılaşırsınız?
- Düzgün deyil. O demək deyil ki, sırf xanəndələrə şərait yaradılır. Mən orada olmuşam, dostlarıma dəstək üçün getmişdim. Bilirəm ki, əksəriyyəti muğam ifaçılarıdır. Özüm də buna bir az qəribə yanaşdım. Fikrimcə, muğam ifaçıları üçün festivallar var. Özlərini orada sınaya bilirlər. Onlar da deyə bilərlər ki, gəlsinlər iştirak etsinlər, yollarını kəsmirik. Yenə də düzgün yanaşma deyil. Çünki muğam oxuyan varsa, bu o demək deyil ki, sən gedə bilməzsən. Mənim nə qədər dostlarım var ki, müasir Azərbaycan mahnılarını səsləndiriblər. Elə bir qayda yoxdur ki, ancaq muğam oxumalısan. Ana dilimizdə olmağı kifayət edir. Bizim "Səs Azərbaycan"da isə tam rahat idi. Məsələn, mən özüm Alim Qasımovun "Xatirədir" mahnısını oxumuşam, pop da, digər janrlarda da səsləndirdiyim mahnılar olub. Burada isə bir az sərhədlənib. Lakin onu da qeyd edim, mənim bir izləyicim var, əcnəbidir. O, həmin yarışmada "Ay Laçın" mahnısını xarici aksentlə oxudu. Çox maraqlı və fərqli alınmışdı. Mən çox bəyəndim. İstəsən, edə bilərsən, şikayətlənməyə ehtiyac yoxdur.
- Həmişə münsiflər sırasında gənc bir müğənninin olması birmənalı qarşılanmayıb. Məsələn, Çingiz Mustafayev, Eldar Qasımov... Düşünürlər ki, peşəkarlıq yaşla ölçülür. Bu haqda nə fikirləşirsiniz?
- Bu fikirlərlə heç razı deyiləm. Əvvəl Eldarı yaxından tanımırdım. Onda fikirləşirdim ki, bəlkə düz deyirlər, çox gəncdir. Sonra gördüm ki, Eldar tam ustad xitabına layiq münsifdir. Onun həm dünya görüşü, musiqi zövqü... Finala qədər mənim repertuarıma nəzər salsanız, çox fərqli və rəngarəng idi. Bu da Eldarın musiqi zövqündən irəli gəlirdi. O, həm də diplomatdır. Çox ağıllı və düzgün siyasətlə irəlilədi. Eləcə də Çingiz Mustafayev çox istedadlı və savadlı münsif idi. "Səs uşaqları" yaxından izləməsəm də, onunla çoxdan tanışam, nə dərəcədə savadlı insan olduğuna bələdəm. Razı deyiləm, yaşın önəmi yoxdur, əsas dünya görüş, savad və bilikdir.
- Çingiz demişkən... Ötən aylarda konsertindən əvvəl sizinlə bağlı danışdı. Dedi ki, Avroviziyada birgə iştirakınıza müsbət baxır. Siz nə düşünürsünüz?
- Mənə dedilər. Amma izləməmişdim. Yaxşı bir layihə kimi düşünürəm. Mən də istəyərəm. Çünki hələ uşaq idim, Çingizə baxıb gitarada ifa etməyi öyrənirdim. Onun kimi istedadlı, savadlı və dünya görüşlü sənətçi ilə ölkəmi təmsil etmək istəyərdim.
- Elnurla Samirdən sonra səs-küy yarada biləcəyinizi düşünürsünüz?
- Məncə, böyük səs-küy yarada bilərik. Bu arada başqa bir duetimiz də olacaq.
- Təmsilçilərimizdən biri ilə?
- Bəli. Amma hələ ad açıqlamıram.
- Keçək Avroviziya dövrünə... Onda bir videonuz yayılmışdı. Deleqasiyadan şikayətlənirdiz, instaqramınızın idarəsi ilə bağlı gileylənirdiz. Sonra dediniz ki, səhv anlaşılıb. Sizə təzyiq etdilər, ona görə bu açıqlamanı verdiniz, yoxsa həqiqətən də yanlış anlaşılmışdı?
- Təzyiq deməzdim. Belə bir hadisə oldu. Hətta həşteqlər yaradıldı ki, "Nadir üçün azadlıq". Mənim instaqram hesabım deleqasiya tərəfindən idarə olunurdu. Gördüm ki, başqa xarici təmsilçilər özləri idarə edirlər. Bunu deleqasiyamiza bildirdim ki, onlar belə edir, mən də özüm idarə etsəm, daha səmimi olar. Söylədilər ki, belə olmalıdır. Səndən əvvəl də belə olub, sonra da eynilə davam edəcək. Azərbaycanda qaydalar bu cürdür. Bunun da bir neçə səbəbi var, onlar daha professional idarə edirlər. Bir də təmsilçinin bəzi pis rəyləri görüb ruhdan düşməməsi üçün bu addım atılır. Mən də izləyicilərimə dedim ki, siz səhv başa düşmüsüz. Qayda-qanun budur. Sadəcə soruşurdum. Onsuz da şərtlərlə razılaşıb təmsilçi olmuşam. Amma bununla razı deyiləm. Məndən sonrakı təmsilçilər səhifələrini özləri idarə etsinlər. Eyni zamanda peşəkarlıq da qorunsun. Deleqasiyanın nəzarəti altında səhifələri idarə olunsun.
- Keçmiş deleqasiyanı üzdə tərifləsələr də, pərdəarxasında narazılıqlarını dilə gətirirdilər...
- Çox adamın narazılığı var idi.
- Bəs sizin başqa dilə gətirmədiyiniz hansı şikayətləriniz olub?
- Mən o işin içində idim, əziyyət çəkdiklərini də görürdüm. Bəlkə də mənim bilmədiyim, etməli olub etmədikləri nələrsə var imiş. Xəbərim olmayıb. Bunu deyə bilmərəm. Gördüyüm qədərilə hər şey yaxşı idi. Belə narazılığım yoxdur.
- İsa Məlikov artıq rəhbər deyil. Ondan narazı qalıb, dilə gətirmədiyiniz məqam oldumu?
- Var idi. Özlərinə demişdim. Bəlkə efirdə dilə gətirməmişəm. Mən "Fade to black" mahnısını ilk dəfə İspaniyada böyük səhnədə ifa etdim. Hansı ki, ondan əvvəl Azərbaycanda bir neçə dəfə böyük səhnələrdə səsləndirib özümü hazırlamalı idim. Amma ilk dəfə xaricdə səhnəyə həmin mahnı ilə çıxdım. Onda da çox həyəcanlı idim. Həm də çıxış edənlərdən tək məndə bir problem oldu. Belə ki, qulaqlıq taxmaq yadlarından çıxdı. Özünü eşitməlisən, alqışların səsini yox. Çünki belə rahat oxuya bilərsən. Mən səhnəyə çıxdım, birinci cümləni səsləndirdim. Baxdım ki, özümü eşitmirəm. İnsanlar qışqırır, ancaq onların alqışları ilə ritmi tuta bilirəm. Bu da deleqasiyanın yox, ispanların problem idi.
Yenə də öncədən səhnədə səsləndirməliydim. Reklam işləri daha güclü aparıla bilərdi. Mahnı seçimində İsa Məlikovu qınayırlar. Mən qınamıram. O özü dəfələrlə gəlib məndən fikrimi soruşub. Göndərilən mahnıları mənə təqdim edib. Düzdür, 302 mahnı var idi, onların hamısını dinləməmişəm. Altısını mənə dinlətdilər, onlardan da öz istədiyim seçildi. Saçımı kəsilməyi də onluq deyildi. Hətta İsa təkid etdi ki, sonradan pis olacaqsansa, kəsmə. Mən özüm istədim. Çox insan İsanı qınayır. Bilmədiyiniz tərəfləri var ki, İsalıq çox şey yox idi. Dediyim problemlər isə bunlar idi ki, reklam işləri daha yaxşı aparıla bilərdi. Təbii ki, bunu da İsa idarə etməliydi.
- Dediniz, saçınızın finaldan öncə kəsilməyini İsa Məlikov deməmişdi. Bəs niyə anidən dəyişim qərarı verdiniz?
- Məndən soruşurlar ki, peşman olduğun nəsə var? Deyirəm, yox. Şoka düşürlər. Kaş ki, etməzdim, dediklərim var. Onlardan biri də saçımı kəsdirməyim idi. Sonradan başa düşdüm ki, kaş etməzdim. Peşman deyiləm, çünki özüm qərar verdim. Dəfələrlə soruşdular, dedim, özüm istəyirəm. Təklif isə məndən gəlməmişdi. Səhnə rejissorumuz dedi ki, biz bura Nadirin yaraşığını, görünüşünü yox, musiqimizi nümayiş etdirməyə gəlmişik. Diqqət musiqidə qalmalıdır. Həm də mahnım qorxuların üstünə getməkdən, mübarizə aparmaqdan, qalib olmaqdan bəhs edirdi. Dəyişiklik edirəm, saçlarımı özüm kəsirəm, bu da bir mesaj idi, peşman deyiləm. Kaş, etməzdim.
- Keçmiş deleqasiya sanki bizim təmsilçilərlə digər ölkələrin iştirakçılarına "sevgi" ssenariləri yazırdı. Məsələn, Tikslə Samirə Əfəndi uğurlu oldu. Amma sizinlə Malta təmsilçisinin hekayəsi yarımçıq qaldı.
- Baxır hansı nöqteyi nəzərdən uğurlu deyirsiniz. Sevgi macərası kimi söyləyirsinizsə, uğurlu olmadı. Çünki dost olduqlarını açıqladılar. Mənim üçün isə dediniz ki, yarımçıq qaldı. Yox, belə deyil. Çünki onsuz da belə bir şey yox idi. Ola da bilməzdi, biz sadəcə dost idik. Elə bir şey ola bilməzdi.
- Amma Samirəni Norveçə sevdirdi. Ortaq pərəstişkarları yarandı. Sizdə isə bu proseslər olmadı.
- Çünki elə bir şey yox idi. Sadəcə şayiə yayıldı, elə göstərməyə çalışdılar. Bəlkə də səhv başa düşüb, belə göstərdilər. Yaxşı ki, davam etmədi.
- Vasif Məmmədov rəhbər seçildi. Sonra bildirildi ki, biz təmsil edəcək mahnının müəllifi azərbaycanlılar olacaq. Siz bu haqda nə düşünürsünüz, yerli bəstəkarlara güvənirsiniz?
- Tam güvənirəm, çünki mənim canım, böyük qardaş dediyim insan da oradadı. Eldar "Səs Azərbaycan"da öz dostunu yox, məni seçdi. O da bunu deyibsə, deməli, elədir.
- Pərəstişkarlarınız kampaniya başlatmışdı ki, yenidən Avroviziyaya siz yollanasınız...
-"Goldies" (Fanat klubu), sizi sevirəm (gülür).
- Düşünmürsüz ki, iki il ard-arda müsabiqəyə yollanmaq sizin üçün yorucu ola bilərdi?
- Bəli. Çox tezdir. Buna mənəvi olaraq da hazır olmaq lazım idi. Bilirəm ki, pərəstişkarlarım belə bir kampaniya başlatmışdılar ki, yenidən gedim. Bir neçə nəfəri də işarələmişdilər, paylaşmışdılar. Çünki getməyimi istəyirdilər. Necə ki, mən 2022-də çox istəyirdim. Görüblər ki, Nadir layiq olmadığı yerdə idi. Ona görə onların da, mənim də ürəyimdə qaldı. Özləri də sonradan başa düşdülər ki, "Səs Azərbaycan"da 6 ay yorğun bir mübarizə getdi, iki həftə sonra təmsilçi seçildim.
Bundan sonra 3 ay məşqlər etdik, klip çəkilişi oldu, yorucu, stressli idi. İnsanların 1 ilə hazırladığı şounu biz 3 aya etdik. Mahnı da çətin idi, getdim-gəldim. Bütün bunlar üst-üstə oldu. Mənim bu il üçün getmək fikrim yox idi. Həm də məntiqsiz gəlirdi. Fikirləşdim ki, deyərlər, nədir buradan əl çəkmir. Yenidən getmək istəyirəm, amma ard-arda yox. Pərəstişkarlarım incimişdilər məndən. Ona görə söylədim ki, çağırsalar, gedəcəyəm. Özümün isə müraciət etmək fikrim yox idi. Deyirdim, yenidən getmək istəyəndə müraciət edərəm, dəvət etsələr də, "yox" demərəm.
- Beş ifaçının adı açıqlandı. Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibov. Onlarla bağlı fikirləriniz necədir? İfalarını dinləmisiz?
- Azər Nəsibovu yaxından tanımıram. İnstaqramda görüb, ifalarını dinləmişəm, həqiqətən çox bəyənirəm. Əkiz qardaşların canlı ifasını dinləmişəm. Leylanın səsinə onsuz da bələd idim, mənim finalist yoldaşım idi. Əmrah isə tam artistdir, çox istedadlıdır. Mamagama qrupu üçün də eyni sözləri deyəcəyəm. Tam hazırdırlar, böyük səhnəyə çıxarmaq üçün uğurludur. Düşünürəm ki, beşlikdə olanların hamısı layiqdir. Onlar ayrı-ayrı illərdə Azərbaycanı təmsil edə biləcək ifaçılardır. Məncə, belə də olacaq. Humay xanım isə "Səs Azərbaycan"da mənim vokal koçum olub. O, onsuz da layiqdir.
- Bu il üçün o beşlikdən favoritiniz hansıdır?
- Əmrahla Humay xanım, Leyla və Mamagama. Həm də onları yaxından tanıyıram və bələdəm. Digər ifaçılar da inciməsinlər. Bilmirəm, necə performans göstərəcəklər.
- Yeni qaydalardan xəbərdarsınız. Düşünürlər ki, bundan sonra Azərbaycanın qalib olması haradasa mümkünsüz ola bilər. Çünki bizim xalqdan səs almağımız çətin olur. Sizin dövrünüzdə də, əvvəlki illərdə də belə olub.
- Mümkünsüz deyil. Dünya azərbaycanlıları da, Azərbaycanı sevənlər də çoxdur. Həm də musiqisevərlər var ki, performansı bəyənsələr, səs verəcəklər. Bilirəm ki, nə qədər ölkələrdən mənim yaxşı yer tutacağıma, qalib olacağıma inanırdılar. Məsələn, irlandiyalılar mərc qoşmuşdular, mənim udmağıma pul atmışdılar. Ailə üzvlərim, Turində olanda onlara da deyiblər ki, Nadirə görə gəlmişik, onun qazanmağına pul yatırmışıq. Mənə səs gəlməməyinin başqa səbəbi var idi, çünki bəzi səhvlər oldu. Məsələn, "Harry Potter"in yazıçısı da yazmışdı ki, Azərbaycanın balları kəsildi. Məlum məsələ idi. Ona görə ürəyimdə qaldı. Bilsəm ki, çıxış etdim, layiq olduğum yerə çıxdım, istəmərəm. Amma ürəyimdə qaldığı üçün ikinci çıxışı istəyirəm.
- Açıq deyilməsə də, Avroviziya sənətdən çox siyasi meydandır. Ukraynanın qalibiyyəti də birmənalı qarşılanmadı. Bildirildi ki, birinciliyə layiq deyildi. Məsələn, Böyük Britaniya təmsilçisini daha çox qalib kimi görürdülər.
- Mən də tamamilə razıyam. Fikrimcə, ilk beşliyə də düşməzdi. Bəlkə də düşərdi, qalibiyyətə isə layiq görmürdüm. Mahnılarından xoşum gəlir, gözəl idi. Mən də Böyük Britaniyanı birinciliyə layiq görürdüm. Bəlkə, siyasi oyunlar var. Mənim də balımın az gəlmə səbəblərindən biri də bu idi. Hər şey oyundur (gülür). Nə mənada, həyatın özü də, bu da bir musiqili oyundur. O demək deyil ki, gördüyünüz hər şey yalandır. Xeyr. Bir əyləncədir, ölkələrin və musiqilərin birləşməsi mənasında oyundur. Dövlətlər öz aralarında nə edirlər, biz bilmirik (gülür).
- Siz müsabiqədə olanda maraqlı bir hadisə oldu. Biz də yazmışdıq ki, "Nadirləri səhv saldılar". Çünki İspaniyanın rəsmi Avroviziya səhifəsi sizin əvəzinizə Nadir Qafarzadəni işarələmişdi. Görmüşdüz o paylaşımı?
- Elə bir şey olmuşdu (gülür). Keçən dəfə də Nadir bəylə bir yerdə idik. Özü də danışırdı, bu hadisəyə gülürdü. O həmin paylaşımı "repost" etmişdi ki, lap yaxşı, çox sağ olun. Hətta Avroviziyada təmsilçi olacağımı canlı efirdə öyrənəndə İsa Məlikovla qonaq idik. Aparıcı Azər Süleymanlı təmsilçi olacağımı elan etməli idi. İsa orada çaşıb dedi ki, inanıram Nadir Bayramlı Azərbaycanı layiqincə təmsil edəcək. Yəni adımı səhv salırlar. İki gün əvvəl də səhnəyə çağıranda Bayramlı kimi dedilər. Qarışdırırlar. Amma instaqramda işarələyəcək qədər səhv salmaları gülünc idi.
- O vaxtı Nadir Qafarzadənin "Mavi quş"u var idi, sizin yox. Bəlkə ona görə qarışdırıblar.
- Bəlkə də. Onda səhifəm təsdiqlənməmişdi. İndi "mavi quş"um var.
- Elə təmsilçilərimiz var idi ki, Avroviziyada olanda hesabları rəsmiləşmişdi. Sizdə problem nə idi?
- Bilmirəm. Deleqasiya özü də bilmədi. Çünki bütün təmsilçilərdə müsabiqə zamanında səhifələr təsdiqlənməlidir. Məndə isə olmadı. Yeganə təmsilçi idim ki, belə alındı. Çünki hamı bundan danışırdı. Nəsə instaqramda problem var idi. Avroviziyadan qayıdandan sonra menecerim araşdırdı ki, ümumi instaqramda problem var. Bu yaxınlarda müraciət edənlərə verilmir. Ancaq dövlət işçilərinə verilirdi. Dayanmadan mübarizə apardıq, təsdiqləndi.
- Ödəniş etdiniz?
- Heç bir ödəniş etməmişəm. Buna görə pul verənləri də qınayıram. Onsuz da sən fərqlənsən, buna layiq görüləcəksən. Amma pul ilə alırsansa, özünü fərqlənmiş kimi göstərirsən. Eləməyin. O həddə çatın ki, instaqram özü təsdiqləsin.
- Təmsilçilərimizin Avroviziya səhnəsindən qayıdıb el şənliklərində çıxış etmələri müzakirə yaradır. Başa düşmürlər ki, bunun maddi tərəfləri də var. Siz iradlara necə reaksiya verirsiz?
- Bəli, Azərbaycanda konsertlərdən pul qazanmaq mümkündür, amma çətindir. Mən qazanıram. Yəni digər ölkələrə nisbətən konsert baxımından zəifik. Mən "Səs Azərbaycan" vaxtında da demişdim ki, toya gedərəm, gedirəm. Bu o demək deyil ki, mən gedib el arasında dedikləri kimi "toyxana", yaxud da "bayağı" müğənni olacam. Gedib yarım saat, 1 saat çıxışımı edib qayıdacağam. Bunu anlamaq çox sadədir. Azərbaycanda toy biznesi baş alıb gedir. Burada pis bir şey də yoxdur. Konsertdə oxudun, ya toyda. Toya da konsert kimi yanaşıram. Bilmirəm, nə vaxtsa bir fikrim olar, gedib toyu tam idarə edərəm. Amma hələ ki, gedib yarım saat, 1 saat oxuyuram. Məni dinləyirlər. Onlar mənə, mən də onlara enerji ötürürəm.
Bunu da vurğulayım, Avroviziya təmsilçiləri üçün toylara getmək çətindir. Bəlkə də toya getmək istəyirlər. Çox çağırılmırlar. Nəyə görə? Toy sahibi fikirləşir ki, o böyük səhnə görmüş insandır, baha qiymətə gələr. Deyin, bəlkə sizin büdcənizə uyğun olacaq. İkincisi, fikirləşirlər ki, Avropada xarici mahnı oxuyub, gəlib toyda nə ifa edəcək? Deyin, bəlkə oxuya bilir. Əslində Avroviziya təmsilçiləri üçün bu toy məsələsi bir az problemlidir.