Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2023 18:10
67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib.
Bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı modelin sözlərinə görə, oxşar diaqnozu olan pasiyentlərin qohumları üçün demensiyadan əziyyət çəkən insanı çölə çıxarmaq və hətta qəhvə içmək üçün hansısa iaşə müəssisəsinə qədər təhlükəsiz şəkildə aparmaq çətindir.
"Bu, ərimin eksklüziv şəkillərini çəkməyə çalışan fotoqraflar və videoqraflara müraciətdir. Bilirəm bu işinizdir, amma məsafəni saxlamağa çalışın. Xahiş edirəm ərimin halını soruşmaq üçün qışqırmayın və ona fit çalmayın. Qoy ailəmiz və ya onu müşayiət edən hər kəs onu A nöqtəsindən B nöqtəsinə təhlükəsiz şəkildə çatdıra bilsin", - deyə Hemminq bildirib.
Xatırladaq ki, Hemminq bundan əvvəlki müraciətində ötən il "afaziya" diaqnozu qoyulan 67 yaşlı Uillisin xəstəliyinin irəlilədiyini və frontotemporal demensiya (FTD) diaqnozu qoyulduğunu elan etmişdi.
Uillis hələ ötən ilin martında xəstəliyi səbəbindən aktyorluq karyerasına son qoyduğunu elan etmişdi.
Uillis "Məğlubedilməz" ("Die Hard"), "Altıncı hiss" ("The Sixth Sense"), "Armageddon" və Kriminal qiraət ("Pulp Fiction") blokbasterlərindəki rollarına görə dünya şöhrəti qazanıb. O, beş dəfə "Qızıl Qlobus" mükafatına namizəd olub və yalnız bir dəfə "Ay İşığı" Detektiv Agentliyi" ("Moonlight Detective Agency") serialındakı roluna görə mükafat alıb. O, həmçinin "Emmy" mükafatına üç namizədlikdən ikisində laureat olub.