Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır - FOTO

92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır - FOTO

Tarix: 21 Mart 2023 18:52

Avstraliya əsilli amerikalı media maqnatı Rupert Merdok beşinci dəfə evlənmək üzrədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 92 yaşlı iş adamı 2008-ci ildə vəfat edən məşhur amerikalı kantri müğənnisi və televiziya aparıcısı Çester Smitin dul arvadı, 66 yaşlı Enn Lesli Smitə evlilik təklifi edib.

Nişan mərasimi 14 mart Müqəddəs Patrik günündə Nyu-Yorkda baş tutub. Merdok xanıma brilyant üzük hədiyyə edib.

Smit bildirib ki, mərhum əri də iş adamı olduğu üçün Merdokla tez dil tapıb.

"Rupertlə mən eyni dildə danışırıq. Bizim oxşar düşüncələrimiz var", - deyə qadın bildirib.

Cütlük 2022-ci ildə Smitin digər 200 qonaqla birgə Merdokun üzüm bağını ziyarət edərkən Los-Ancelesdə tanış olub. İki həftə sonra milyarder qadına zəng vuraraq görüşməyi təklif edib.

Məlumata görə, toy yazın sonuna planlaşdırılıb.

Xatırladaq ki, Rupert Merdok dünyanın ən böyük media maqnatlarından biridir. O, dünya üzrə yüzlərlə media orqanının daxil olduğu "News Corp" holdinqinin sahibidir. Xüsusilə, Merdokun şirkəti "The Wall Street Journal" və "New York Post", Britaniyanın "The Sun" və "The Times", "Sky News Australia" və "Fox News" telekanallarının sahibidir. İş adamı 1931-ci il martın 11-də anadan olub və ilk dəfə 1956-cı ildə evlənib. Ümumilikdə onun dörd arvadı olub, sonuncu arvadı 66 yaşlı keçmiş top-model Cerri Holl 2022-ci ilin iyununda iş adamı ilə boşanıb.

Milli.Az


Etiketlər:  92 yaşlı media maqnatı beşinci dəfə evlənməyə hazırlaşır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ