Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 23:50
NATO müttəfiqləri indiyə qədər Ukraynaya 150 milyard avroya yaxın yardım edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın XİN rəhbərlırinin bu gün baş tutan iclasından sonra mətbuat konfransında deyib.
"Ukrayna xalqı şücaətlə öz ölkəsini müdafiə etməyə davam edir. Biz də nə qədər lazımdırsa, onları dəstəkləməyə davam edəcəyik. NATO müttəfiqləri indiyədək Ukraynaya 150 milyard avroya yaxın dəstək verib ki, bunun da 65 milyard avrosu hərbi yardımı əhatə edir. Ancaq arxayınlıq hissinə yer yoxdur çünki Prezident Putin Ukraynada kursunu dəyişməyib. O hesab edir ki, Rusiya bizim dəstəyimizi üstələyə bilər", Stoltenbetq vurğulayıb.
Alyansın Baş katibi deyib ki, bugünkü görüş NATO-nun Ukraynaya olan davamlı öhdəliyini vurğulayıb.
"Müttəfiqlər silah və sursat istehsalını gücləndirirlər. Təlimlərin keçirilməsi və yeni ağır silahlarla bağlı vədlərini yerinə yetirirlər. Artıq ilk "Leopard" və "Challenger" tankları Ukraynadadır. Madrid Sammitində razılaşdırıldığı kimi, biz NATO-nun Ukrayna fondu vasitəsilə də təcili qeyri-öldürücü yardımı artırdıq. Buraya yanacaq, tibbi ləvazimatlar, mobil peyk sistemləri və ponton körpüləri daxildir.
Almaniya, Hollandiya, Norveç və Böyük Britaniya kimi mühüm töhfələr verən müttəfiqlərə, Avstraliya və Yaponiya kimi tərəfdaşlara verdikləri dəstəyə görə təşəkkür edirəm" - Stoltenberq bildirib.
NATO Baş katibi əlavə edib ki, alyans Ukraynaya çoxillik dəstək təşəbbüsü hazırlayacaq: "Ukraynanın müdafiəsini təmin etmək, Sovet dövründən qalma avadanlıq və doktrinalardan NATO standartlarına keçidi təmin etmək və NATO ilə qarşılıqlı fəaliyyətin artırılması istiqamətində işləyəcəyik. Bu, bizim Ukraynaya uzunmüddətli öhdəliyimizi nümayiş etdirir və Ukraynanı Avro-Atlantik ailəyə yaxınlaşdırır".
Stoltenberq qeyd edib ki, müttəfiqlər açıq şəkildə bəyan ediblər ki, onlar NATO-nun açıq qapı siyasətinə sadiqdirlər.
"Güclü, müstəqil Ukrayna Avro-Atlantik məkanın sabitliyi üçün həyati əhəmiyyət kəsb edir.
Biz iyulda Vilnüs baş tutacaq sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik.
NATO nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Ukraynanın gələcəyi Avro-Atlantik ailəsindədir", NATO rəhbəri vurğulayıb.