Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya virtual pulla alış-verişə keçir - Azərbaycan niyə ləngiyir?

Dünya virtual pulla alış-verişə keçir - Azərbaycan niyə ləngiyir?

Tarix: 12 Aprel 2023 08:48

Ekspert: "Azərbaycanın indi əsas işi qeyri-nağd hesablaşmalara keçiddir"

Dünya iqtisadiyyatında rəqəmsallaşma dərinləşməkdədir. Ən böyük iqtisadiyyatlarda maliyyə və ticari əməliyyatlarda rəqəmsal həllərdən istifadə sürətlə genişlənir, rəqəmsal hesablaşma imkanlarının genişləndirilməsi istiqamətində çoxsaylı layihələr icra olunur. Hətta iş o yerə çatıb ki, kriptovalyuta klassik ödəniş vasitəsinə çevrilir, bir çox ölkələrdə mərkəz banklar yeni və tənzimlənən rəqəmsal valyutaların tətbiqinə başlayırlar.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Çin 2021-ci ildə pilot qaydada rəqəmsal yuanın tətbiqinə başlayıb. Bir neçə şəhərdə məhdud istifadəçinin iştirakı ilə aparılan təcrübənin uğurlu nəticələr verdiyi açıqlansa da, Çin hökuməti ümumi ölkə səviyyəsində virtual yuanın tətbiqinə nə vaxt başlayacağını açıqlamayıb.

Hindistanda 2022-ci ilin dekabrında Nyu-Dehli, Mumbay, Banqalor və Bhubaneşvar şəhərlərində rəqəmsal rupinin pilot tətbiqinə başlanıb. Hindistan Mərkəzi Bankı bu layihəyə dörd bank cəlb edib: State Bank of India, ICICI Bank, Yes Bank və IDFC First Bank. Rəqəmsal rupi nağd rupinin electron versiyası kimi tədavülə buraxılıb, onunla mobil telefonlardakı tətbiqlər vasitəsilə əməliyyatlar həyata keçirmək mümkündür.

Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar "çökür"

ABŞ 2021-ci ildə rəqəmsal dolların tətbiqinə hazırlığa başladığını elan edib. Bu barədə Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauell açıqlama verərək ilk belə valyutanın dövriyyəyə 2023-cü ilin ortalarında buraxılacağını deyib. Bildirib ki, rəqəmsal dollar ilk mərhələdə yalnız ABŞ daxilində işlək olacaq. Maraqlıdır ki, ABŞ-da virtual pulun tətbiqinə qarşı ciddi müqavimət var. Belə ki, Florida ştatının respublikaçı qubernatoru, prezidentliyə namizəd olacağı gözlənilən Rona DeSantis mərkəz banklara rəqəmsal valyutadan istifadəni qadağan edən qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

Bir sıra senatorlar və konqresmenlər də rəqəmsal dolların vətəndaşların bütün maliyyə əməliyyatlarını nəzarətə götürmək vasitəsi olduğunu, onun tətbiqinin FED-in bütün ölkə iqtisadiyyatı üzərində hüdudsuz nəzarət əldə etməsinə səbəb olacağını əsas gətirərək ona qarşı çıxırlar. Hətta bu ilin martında respublikaçı senator Ted Kruz Senata FED-ə pərakəndə istifadəçilər üçün rəqəmsal valyuta valyuta buraxılışını qadağan edən qanun layihəsi təqdim edib. Kruzun fikrincə, hakimiyyət federal hökumətə maliyyə nəzarəti imkanı yaradan məhsul yaratmamalıdır. Çünki belə valyuta FED-ə vətəndaşlar barədə onların xəbəri olmadan detallı məlumatlar toplamaq imkanı yaradır.

Rusiyada bu il aprelin 1-dən rəqəmsal rublun tətbiqinə başlanıb. Rusiya Mərkəzi Bankıın hazırladığı proqramla tənzimlənən yeni rublla əməliyyatların getdikcə genişləndirilməsi nəzərdə tutulur. Rusiya hökuməti rəqəmsal rublun tətbiqində əsas məqsədin nağd hesablaşmaların həcminin azaldılması, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin qurulması olduğunu bildirir. Rəqəmsal rublun emissiya hüququ yalnız Mərkəzi Bankdadır, ona nəzarəti də tənzimləyici həyata keçirəcək. Dövriyyədə olan üçüncü pul forması kimi dövlətin qoruması altında olan rəqəmsal rubl da inflyasiyaya, devalvasiyaya və denominasiyaya məruz qala bilər.

Rəqəmsal valyutanın klassik kriptovalyutalardan əsas fərqi onun mərkəz banklar tərəfindən tam nəzarətdə saxlanması imkanının olmasıdır. Bu o deməkdir ki, rəqəmsal valyutanın məzənnəsi, məsələn, bitkoin kimi volatil olmayıb, mərkəz banklar tərəfindən tənzimlənəcək. Bu isə rəqəmsal valyutanın nağd və qeyri-nağd puldan sonra üçüncü valyuta  rolunu oynayacağı deməkdir. Dövlət üçün rəqəmsal valyuta bütün maliyyə əməliyyatlarına tam nəzarət, eyni zamanda klassik pul kəsiminə xərclənən vəsaitlərə qənaət imkanı yaradır.

Rusiyalı ekspertlərə görə, rəqəmsal rubla tələbat yüksək olmayacaq: ölkə əhalisində belə pulla bağlı məlumatlılıq, ona inam çox aşağıdır. Biznes üçün isə pulların daşınması, qorunmasına ayrılan xərclərin azalması baxımından rəqəmsal valyuta əlverişlidir. Lakin həm əhali, həm də biznes üçün mənfi bir hal odur ki, Mərkəzi Bank onunla saxlanan vəsaitlərə görə hər hansı faiz ödəməyəcək.

Banklara isə rəqəmsal valyuta xeyli əlavə xərc yarada bilər: onun qəbulu və hərəkətini təmin etmək üçün proqram təminatı, müxtəlif həllərin tətbiqi irihəcmli investisiya qoyuluşu tələb edir. Bundan əlavə, insanlar daha etibarlı hesab edərək banklardakı depozitlərinin bir hissəsini də rəqəmsal valyutaya keçirə bilərlər. Bu isə bankları ciddi maliyyə mənbəyindən məhrum edə bilər.

Yaxın qonşumuz olan Gürcüstanda rəqəmsal valyuta tətbiqinə hazırlaşmasalar da, klassik kriptovalyutalardan bəhrələnmək istəyirlər. Belə ki, 2022-ci ilin noyabr ayında dünyanın aparıcı kriptovalyuta birjası olan "Binance"nin rəhbəri  Gürcüstana səfəri zamanı baş nazir İrakli Qaribaşvili ilə görüşüb. Bu, Gürcüstan hökumətinin rəsmi səviyyədə kriptovalyuta bazarına istiqamətlənən ilk ciddi addımı idi. Cari ilin fevral ayında isə Gürcüstanın İnnovasiya və Texnologiyaların İnkişafı Agentliyi ilə "Binance" birjası blokçeyn və kripto aktivləri mövzusunda maarifləndirici tədbirlər təşkil etmək üçün anlaşma memorandumu imzalayıb. Əsas məqsəd ölkəyə innvotiv şirkətlərin marağını daha da artırmaq, investisya cəlb etmək və bu sektor üzrə regionda lider dövlətə çevrilməkdir.

Azərbaycanda 5-6 il öncə Mərkəzi Bankda kriptovalyuta bazarının öyrənilməsi üçün işçi qrup yaradılsa da, qrupun fəaliyyəti barədə hər hansı məlumat açıqlanmayıb. Ölkəmizdə kriptovalyuta bazarında iştirakı tənzimləyən hüquqi baza yaradılmayıb.  "Caspian Legal Center" konsaltinq şirkətindən bildirildiyinə görə, blokçeyn texnologiyası və kriptovalyuta anlayışları hüquqi sahədə yenidir və bu baxımdan ölkədə bu sahəni tənzimləyən birbaşa normativ akt (qanun, Nazirlər Kabinetinin qərarı, sərəncam və ya qaydalar) yoxdur: "Bununla belə, kriptovalyuta anlayışı Azərbaycan qanunvericiliyinə tam yad deyil. Belə ki, qanunvericilikdə bu anlayışa yalnız bir yerdə - Mərkəz Bankı tərəfindən təsdiq edilmiş "Marja ticarəti Qaydası" kimi müəyyən edilən qaydalarda istinad olunur. Bu Qaydanın 7.2-ci maddəsində göstərilir ki, investisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə (institusional və peşəkar investorlar istisna olmaqla) təqdim etdiyi maksimum kredit həddi aşağıdakı qaydada müəyyən edilir: E 7.2.4. baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1. Qayda fərq müqaviləsinə aşağıdakı kimi tərif verir: baza aktivin alış/satışı üzrə mövqenin açılış və bağlanış qiymətləri arasındakı fərqin müqavilə bağlayan tərəfə ödənilməsini nəzərdə tutan müqavilə. Qaydalara əsasən Azərbaycan kriptovalyutası tənzimləməsinə dair yeganə istinad (dolayı yolla olsa da) kriptovalyutanı rəqəmsal valyuta və deməli, ənənəvi mənada rəsmi tender və ya valyutaya ekvivalent olmasa da, valyuta növü kimi müəyyən edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, kriptovalyuta fəaliyyəti (bitkoin mayninqi) "Elektron ticarət haqqında" və "Valyuta tənzimi haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Mülki Məcəllə" (54-cü fəsil) ilə uyğunluq təşkil edir. Lakin bu qanunlar müvafiq olaraq Azərbaycan Respublikasında elektron ticarəti və valyuta tənzimləməsini, investisiya qiymətli kağızlarını tənzimləyir".

Şirkətə görə, bitkoin mayninqi və ya hər hansı digər kriptovalyuta fəaliyyəti Azərbaycanda ayrıca qanunlarla tənzimlənməsə də, belə fəaliyyət heç bir qanunla qadağan edilmir: "Vergi sahəsində Azərbaycanın kriptovalyuta qaydaları belədir: Əlavə Dəyər Vergisi (ƏDV): Elektron ticarət kimi xaricdən kriptovalyutaların alınması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar hesab edilir. 169.3-cü maddədə həmçinin qeyd olunur ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. ƏDV əməliyyatı həyata keçirən yerli banklar və ya xarici bankların Azərbaycan Respublikasındakı filialı tərəfindən alıcının hesabından hesablanaraq tutulmalıdır.

Ödəmə mənbəyində vergi (ÖMV): Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılmış hesaba pul köçürərkən yerli banka və ya əməliyyatları həyata keçirən xarici bankın filialı həmin rezidentdən köçürülən məbləğin 10 faizi həcmində ÖMV tutmalıdır.

Mənfəət vergisi: Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əmək haqqı istisna olmaqla) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir. Bu halda belə əməliyyatlardan mənfəət əldə edən şəxs vergi ödəyicisi kimi uçota alınmalı və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq növbəti ilin mart ayının 31-dək 14 faiz mənfəət vergisi ödəməlidir. Nəticə etibarı ilə qeyd edək ki, bank əməliyyatları davam etdirərkən bilavasitə bankdan 18 faiz ƏDV və 10 faiz ÖMV tutulur və Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq şəxs öz kriptovalyutalarını satarkən mənfəət vergisi yaranır. Bu fəaliyyətin qanuniliyi ilə bağlı əlavə arqument ondan ibarətdir ki, vergi orqanının açıqlamasına əsasən, bu cür fəaliyyət elektron ticarət əməliyyatı kimi vergitutma obyekti olacaq. Əgər fəaliyyət qeyri-qanuni hesab olunsaydı, qeyri-qanuni gəlirlər üzrə müvafiq vergitutma (Vergi Məcəlləsinin 66-cı maddəsi) tətbiq olunardı. Nəhayət, bununla bağlı müvafiq presedent hüququ mövcud deyil".

Göründüyü kimi, Azərbaycan qanunvericiliyi kriptovalyuta bazarında iştirakı və qazanc əldə etməni qadağan etmir. Lakin bu prosesi tənzimləyən ayrıca qaydalar da mövcud deyil. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Azərbaycanda virtual pula keçid üçün əlverişli şərtlər yoxdur: "Azərbaycan Mərkəzi Bankının  pul-kredit siyasətində kriptovalyuta bazarının öyrəniləcəyinə dair müddəa vardı. Lakin hələlik bu istiqamətdə real addımlar atılmır. Düşünürəm ki, yaxınmüddətli dövrdə Azərbaycanda virtual pulun tətbiqi real deyil. Çünki bunun üçün zəruri infrastrukturun yaradılması lazımdır, üstəlik, virtual pullarla bağlı ənənənin formalaşması vacibdir. Bu gün Azərbaycanda əsas iş qeyri-nağd hesablaşmalara tam keçidin təmin edilməsi olmalıdır. Mərkəzi Bank və hökumət nağd dövriyyənin payını kəskin azaltmaq üçün təsirli addımlar atmalıdır".

Millət vəkili qeyd edir ki, Azərbaycan tamamilə dünya iqtisadiyyatında gedən proseslərdən kənarda qala bilməz: "Buna görə də zamanla Azərbaycanda da virtual pula keçid prosesi başlayacaq. Lakin yaxınmüddətli dövrdə bunun mümkün olacağını düşünmürəm".

Milli.Az


Etiketlər:  Dünya virtual pulla alış verişə keçir Azərbaycan niyə ləngiyir


RƏYLƏR