Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2023 07:48
"Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək".
Sonxeber.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Erməni mənbələr iddia edirlər ki, Vaşinqton sülh sazişinin imzalanması məqsədilə İrəvana təzyiqi artırıb. Həqiqətən Vaşinqton məsələni uzatmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Azərbaycanın da istəyi budur. Ermənistan hakimiyyəti isə sözdə sülh istəsə də, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Baş nazir Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə "risk"ə getmək istəmir.
Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə, Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur. İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyinə görə indi də Fransaya yalvarırlar ki, Azərbaycanı Paris dayandırsın", - ekspert vurğulayıb.
Elxan Şahinoğlu Ermənistanın bu xüsusda Fransaya verdiyi təkliflərə də toxunub:
"İrəvan Parisə təklif edib ki, Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun və Laçın yoluna nümayəndələr göndərsin. Bu təkliflərin perspektivi yoxdur.
Birincisi, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək.
İkincisi, Rusiya da münasibətləri gərgin olduğu Fransanı bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. Fransa təmsilçiləri sadəcə Laçın yolundakı sərhəd-keçid məntəqəmizə müəyyən məsafədən baxa bilərlər. Buna etirazımız yoxdur, əksinə, özləri müşahidə etsinlər ki, sərhəd humanitar məqsədlə istifadəyə açıqdır".