Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Energetik içkilərdən istifadənin bu xəstəliklərin artmasında çox ciddi təsiri var - MÜSAHİBƏ

Energetik içkilərdən istifadənin bu xəstəliklərin artmasında çox ciddi təsiri var - MÜSAHİBƏ

Tarix: 17 May 2023 13:24

Milli.Az Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın APA-ya müsahibəsini təqdim edir:

- Gülnaz həkim, son zamanlar ürək-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə edilir. Bunun səbəbləri nədir?

- Səhiyyənin əldə etdiyi bütün nailiyyətlərə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, ürək-damar sistemi xəstəliklərindən ölüm sayı bütün dünyada artmaqda davam edir.

Fundamental elmin, müasir səhiyyənin bütün nailiyyətləri tətbiq olunur, amma təəssüf ki, ürək-damar sistemi xəstəliklərindən ölüm və ağırlaşmalar hələ də davam etməkdə və artmaqdadır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, əhalinin əmək qabiliyyətli hissəsinin ürək-damar sistemi xəstəliklərindən nisbətən qısa və ya uzun müddət əziyyət çəkməsi sosial problemlər doğurur ki, bu da cəmiyyəti narahat edən çox ciddi məqamlardandır.

Ürək-damar sistemi xəstəliklərinin artmasının səbəbləri çoxdur. Bunlara ürək-damar sisteminə zərər verən risk faktorlarını aid etmək olar. Risk faktorlarını korreksiya olunan və olunmayanlara bölmək olar. Korreksiya olunanlara - düzgün qidalanma, sağlam həyat tərzi, pis vərdişlərdən uzaq olmaq və s. - son zamanlar bir qədər diqqət yetirilir, yalnız korreksiya olunmayanlara bu gün də təsir edə bilmirik. Onlar arasında irsiyyət, yaş, cins kimi faktorları kimi göstərə bilərik. İrsiyyət o qədər önəmli faktordur ki, valideynlərini gənc yaşda bu xəstəlikdən itirən, yaxın qohumlarında ürək-damar xəstəlikləri olanlara 35-40 yaşdan sonra deyil, bundan daha erkən dövrdə daimi müayinə olunmağı tövsiyə etmək olar.

Faktorlar arasında hamımızın bildiyi, lakin riayət etmədiyi qidalanma, artıq çəki, oturaq həyat tərzi (hipodinamiya), tütün məhsulları və energetik içkilərdən istifadənin də ürək-damar xəstəliklərinin artmasında, ağırlaşmaların əmələ gəlməsində çox ciddi təsiri var. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə, dünyada bir il ərzində 17 milyondan çox insan ürək-damar xəstəliklərindən vəfat edir. Səhiyyə sahəsində əldə edilən bütün nailiyyətlərə baxmayaraq, ürək-damar xəstəliklərindən ölənlərin sayı nəinki azalmır, hətta il ərzində 2 milyona qədər artmaqda davam edir. Hətta 15-20 saniyədən bir 1 insanı ürək-damar sistemi xəstəliklərinin ağırlaşmasından itirdiyimiz haqqında məlumatlar var. Bu, həqiqətən çox ciddi siqnaldır. Erkən diaqnostika, düzgün müalicə və insanların şüuruna təsir etməklə bu xəstəlikləri həll etmək təbabətimizin bir nömrəli problemlərindən olmaqda davam edir.

- Deyirlər, idman sağlamlığın rəhnidir. Amma idmançıların da ürək çatışmazlığından öldüyünə dair xəbərlər eşidirik. Bunun səbəbi nədir?

- İdmançıların həyat tərzləri adi adamlarla müqayisədə çox fərqlidir. Şübhəsiz ki, onların ürək-damar sistemi dəfələrlə daha çox yüklənməyə məruz qalır.

Ürəyin mədəcikarası arakəsmə və digər divarların əzələlərinin qalınlaşması - hipertrofiya, təəssüf ki, son zamanlar idmançılar arasında çox rast gəlinən patologiyalardandır. O da ki, artıq yüklənmənin nəticəsində kompensator xarakterli cavab kimi əmələ gəlir və tədricən formalaşaraq ürəkdə dəyişikliklərə gətirib çıxarır. Bu cür dəyişikliklər nəticəsində ürəyin elektrik sabitliyi pozula bilər və bunun nəticəsində ritm pozğunluqları, aritmiyalar ciddi problemlərə səbəb ola bilər. Buna görə idmançılara hər kəs kimi irsiyyət, düzgün qidalanma, zərərli vərdişlərdən və energetik içkilərdən uzaq olmaqla yanaşı, müvafiq müayinə prosedurlarına çox ciddi yanaşmalarını tövsiyə edirik.

- Bəs hansı şikayətlər tərəddüd etmədən həkimə müraciət etməyimiz üçün zəmin yaradır?

- Təəssüf ki, əvvəllər klassik formada gördüyümüz ürək-damar sistemi xəstəliklərinin simptomlarını indi hər zaman müşahidə edə bilmirik. Məsələn, stenokardiya diaqnozunun tipik əlamətləri döş sümüyü arxasında kəskin ağrı, sol qola, çiyinə irradiyasiya etməsi, hərəkət zamanı bu ağrıların artması olsa belə, yaşlı insanlarda, şəkərli diabet xəstələrində, qadınlarda bəzən lal işemiya formasında gedən ürək-damar sistemi xəstəliklərinin klassik olmayan, atipik formasına çox tez-tez rast gəlinir və insanlar həkimə müraciəti ləngidirlər. Xüsusilə şəkərli diabet xəstələrində sinir ucları həssaslığını daha çox itirdiyinə görə bu ağrıları hiss etməyə bilərlər. Buna görə insanlar döş sümüyü arxasında istənilən sıxıntı, narahatlıq hiss etdiklərində həkimə müraciət etsinlər. Ümumilikdə isə gənc adamlar da daxil olmaqla hər kəsin ildə bir dəfə kardioloq müayinəsindən keçməyini tövsiyə edirəm. Lakin fərdi yanaşsaq, əvvəldə qeyd etdiyimiz risk faktorlarını daşıyan insanların daha tez-tez müayinədən keçməyi tövsiyə edilir.

- Son dövrlərdə daha çox hansı ürək şikayətləri ilə müraciətlər olur?

- Şikayətlər "cavanlaşıb". Əvvəllər 55-60 yaşdan sonra ürək xəstəlikləri bağlı müraciətlərin daha çox olduğunu görürdük.

Müraciətlərin çoxunda stress fonunda yaranan qeyri-spesifik ürək ağrıları ilə rastlaşırıq. Çox zaman buna dəqiq diaqnoz qoymaq belə çətinləşir. Çünki stress zamanı ürək damarlarında spazma yaranır, eyni zamanda, ürəyi qidalandıran koronar damarlarda spazma əmələ gəldiyindən ürək əzələsinin qidalanması zəifləyir, işemiya yaranır, bu zaman ağrılar əmələ gəlir. Bunu bəzən obyektiv metodlarla da təsdiqləmək tam mümkün olmur. Ürək-damar sistemi ilə bağlı ciddi şikayətləri olmasına baxmayaraq, həkimə müraciət etməyi ləngidən insanların çox olduğunu görürük.

Qeyd etmək istəyirəm ki, streslə yanaşı balanslı qidalanmamaq, su əvəzinə tərkibində şəkər olan içkilərin qəbulu da ürək-damar sisteminə mənfi təsir edən amillərdəndir. Düşünürəm ki, bu sahədə maarifləndirmə tədbirlərinin aparılması çox yerinə düşər və bu xəstəliklərin qarşısını almaq üçün tədbirlər görmək sonradan müalicə və müalicəyə nəzarətdən daha məqsədəuyğundur.

- Gülnaz həkim, yeri gəlmişkən, geniş şəkildə maarifləndirmə tədbirləri aparıldığının şahidi olmuruq...

- Biz Elmi-Tədqiqat Kardiologiya İnstitutu olaraq il ərzində müəyyən maarifləndirmə tədbirləri həyata keçirməyə çalışırıq. Mayın 17-də düzgün qidalanma, təzyiqin daim nəzarətdə saxlanılması üçün bulvarda, əhalinin çox olduğu yerdə maarifləndirici tədbirimiz olacaq. Eyni zamanda, hər il 29 sentyabrda Beynəlxalq Ürək Günü münasibətilə aksiyalarımız olur. Lakin əhalinin sıx toplaşdığı yerlərdə maarifləndirici bukletlərin paylanması, dövlət başçısının göstərişi ilə yaradılan və cənab Prezidentin daim diqqət mərkəzində olan icbari tibbi sığortanın hansı imkanlar yaratdığına dair məlumatların paylaşılması önəmlidir. Təəssüf ki, vətəndaşlarımız əvvəllər bahalı olan bir çox əməliyyatların hazırda icbari tibbi sığorta vasitəsilə həyata keçirilməsi ilə bağlı çox da məlumatlı deyillər. Məsələn, koronar angioqrafiya, angioplastika, baypas əməliyyatlarının hazırda tam ödənişsiz yerinə yetirildiyindən çox adam məlumatsızdır. Həm bu istiqamətdə, həm də sağlam qidalanma və həyat tərzi ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə ehtiyac var.

- Stress, gərginliyin ürəyə mənfi təsir etdiyi barədə çox oxuyur, eşidirik. Bunu siz də qeyd etdiniz. Lakin günümüzdə stress, ətraf mühitin davamlı qıcıqlandırmalarından, gərginlikdən uzaq olmaq mümkünsüzdür. Buna qarşı ürəyimizin dözümlülüyünü necə artıra bilərik?

- Təbiətdə çox vaxt keçirmək önəmlidir. Bu yerdə bir məqama diqqət çəkmək istəyirəm. Son zamanlar gənclər arasında ehtiyac olmadan antidepressantlardan istifadə çoxalıb. Təəssüf ki, gənclər arasında hətta buna aludəçiliyin artdığını da müşahidə edirik. Antidepressantlar bütün dünyada ən çox satılan preparatlar arasında ilk üçlükdə yer alır. Lakin sağlam həyat tərzi, təbiətdə vaxt keçirmək, fiziki aktivlik çox adamın bildiyi, amma əməl etməkdə çətinlik çəkdiyi vərdişlərdir ki, bunlar bizi ürək-damar xəstəlikləri ilə yanaşı digər xəstəliklərdən də qoruyur. Yəni, hər şey daha sadədir, lakin vaxt məhdudiyyəti və digər bəhanələrlə əməl etmirik.

Qeyd etmək istəyirəm ki, cavan adamlarda rast gəlinən ürək-damar xəstəlikləri yaşlılardan daha aqressiv formada keçir. Bu da miokard infarktının və digər problemlərin daha sürətlə özünü göstərməsi və ağırlaşması ilə müşahidə olunur.

- Gülnaz həkim, COVID-19 virusunun ürək-damar sisteminə mənfi təsirləri barədə çoxsaylı məlumatlar var. Digər tərəfdən də elə virus əleyhinə vurulan peyvəndlərin də ürək-damar sisteminə ciddi mənfi təsirlərinin olduğuna dair fikirlər səsləndirilir. COVID-19-a qarşı istifadə edilən peyvəndlərin ürək-damar sisteminə təsirlərinə dair ciddi elmi araşdırmalar varmı?

- Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə birlikdə COVID-19 pandemiyası başlayan dövrdən aktiv olaraq Məhəmmədlidə modul tipli xəstəxanada iki mindən çox xəstə qəbul edərək onlara yardım etməyə çalışmışıq. Təəssüf ki, ən keyfiyyətli hesab olunan "Pfizer" vaksinindən sonra ağırlaşmaların olduğunu biz də müşahidə etmişdik. Eyni zamanda, "The New England Journal of Medicine" jurnalında bu istiqamətdə Oksfordda aparılmış tədqiqatlar öz əksini tapıb və nəticəyə görə, "Pfizer" vaksini qəbul etmiş 29 milyondan çox insanda peyvənddən sonra qanın laxtalanma sistemində, trombositlərin miqdarının azalması, eləcə də arterial və venoz tromboemboliyalara, yəni həm qanın laxtalanmasının azalması, həm də artması ilə müşahidə olunan problemə rast gəlinib. Eyni zamanda, qeyd etmək istəyirəm ki, COVID-19 zamanı ağırlaşmalar peyvənddən sonrakı ağırlaşmaları üstələyir. Yəni peyvənddən imtina etmək yox, vaksin qəbul edən zaman detallı şəkildə müayinədən keçmək və qanın laxtalanmasında problem varsa, onu həll etdikdən sonra peyvənd qəbul etmək məsləhət görülür. Müqayisə edildiyi zaman peyvəndin dezavantajları avantajlarını ondan imtina edəcəyimizə səbəb olacaq qədər üstələmir.

- "Valerian", "Korvalol" və digər bu kimi ürək dərmanları olaraq tanıdığımız preparatların apteklərdən reseptsiz alınaraq həm də sakitləşdirici kimi istifadə edilməsinə çox rast gəlirik. Sözügedən dərmanların bu cür istifadəsi hansı əks göstərişlərə səbəb ola bilər?

- Bu dərmanlar bitki mənşəli olduqlarına görə effektivliyini sübut edən çox ciddi kliniki araşdırmalar yoxdur. Bu dərmanlar yalnız ümumi, qısa müddətli sakitləşdirici təsir göstərə bilərlər. Buna görə də, insanda ciddi patologiya yoxdursa, dərman qəbul etməkdənsə, təbiətdə çox vaxt keçirməyi, sağlam həyat tərzi vərdişlərinə əməl etməyi və bu dərmanları da qəbul etməməyi tövsiyə edirəm.

- Ürəyimizə faydalı və zərərli ola biləcək qidalar hansılardır?

- Bu haqda çox fikirlər var. Bəzilərinə görə az miqdarda şərab içmək, qırmızı ət və s. faydalıdır. Qidalanma arasında mümkün qədər intervalı artırmaq, təbii, qatqısız məhsullardan daha çox istifadə edilməsi, qızardılmış, paketlənmiş qidalardan isə az istifadə edilməsi məsləhətlidir. Gün ərzində 2-3 litr qaynadılmamış su içmək, mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək, fiziki aktivlik və xoş əhval-ruhiyyə ürək-damar sistemimizi sağlam və möhkəm tutmağa kömək edən amillərdir.

Ürək-damar sistemində patologiyası olan, damar tutulması, ürək çatışmazlığından əziyyət çəkən, infarkt keçirmiş adamların isə buna paralel olaraq həm də dərmanlarını vaxtlı-vaxtında qəbul etməsi lazımdır.

- Qidalanma arasında intervalı uzatmağın faydalı olduğunu vurğuladınız. Son zamanlar aralıq orucu saxlayanlar çoxalıb. Bəs bunu daha sağlam formada həyata keçirmək üçün tövsiyələriniz nələrdir?

- Mədə-bağırsaq sistemində ciddi problem olan, gün ərzində 3-4 dəfə intervalla dərman içmək məcburiyyətində olan insanları istisna etməklə interval qidalanma çox faydalıdır. Bunu da kor-koranə yox, həkimlə məsləhətləşərək etmək lazımdır. Düzdür, indi çox adam internetdən araşdıraraq özünə qidalanma cədvəli tərtib edir, lakin tövsiyə olunan budur ki, mütəxəssis həkimlə məsləhətləşərək qidalanma cədvəli tərtib edilsin. Xüsusilə də ürək-damar, eləcə də yanaşı digər xəstəlikləri olan adamlar interval qidalanmanı həkimi ilə məsləhətləşməlidir. Həmçinin düzgün və uzun intervalla qidalanma artıq çəkinin, piylənmənin əmələ gəlməsinə mane olur. Əks hallar isə ürək-damar sistemində əlavə yüklənmə və gərginlik yarada bilər.

- Hansı xəstələrdə kardioloji problemlərin də yaranma ehtimalı daha yüksək olur və kardioloji xəstələrdə digər hansı xəstəliklərin, tibbi problemlərin yaranma ehtimalı yüksəlir?

- Ürək orqanizmdə motor-nasos rolunu oynayan, gün ərzində qanı qovan bir orqandır. Təbii ki, ürəkdə problem olduğu zaman bu, digər orqanlara da təsir edir. Ürək-damar sistemi xəstəliklərinin final nöqtəsi ürək çatışmazlığıdır. Bu zaman ürək əzələsi zəif işləyir və digər orqanlara qanın çatmasında problem yaranır. Buna görə ürək çatışmazlığı olan adamlarda böyrək çatışmazlığı, beyin-qan-damar sistemində də problem yaranmağa başlayır. Bu patologiyalar bir-biri ilə sıx əlaqəlidir. Ürək-damar sistemi xəstəlikləri ilə yanaşı gedənlərdən biri də infeksion xəstəliklərdir. Məsələn, ağciyərlərdə pnevmoniyalar, patologiyalar zamanı ürəkdə də müəyyən problemlər özünü göstərməyə başlayır. Bunlara COVID-19 zamanı da şahid olduq. Təəssüf ki, ən çox da gənclərdə virusun ürək əzələlərini zədələdiyi hallara rast gəlirdik.

- COVID-19 pandemiyasından sonra insanlar arasında qan duruldan dərmanlardan profilaktik tədbir kimi istifadə halları çoxaldı. Hətta həmin dərmanların reklamlarına da çox rast gəlirik. Həkim müayinəsi olmadan, reseptsiz olaraq həmin dərmanların istifadəsi hansı mənfi hallara səbəb ola bilər?

- Biz həkimlər qan duruldan dərmanların reseptsiz içilməsinin tərəfdarı deyilik. Hətta belə bir mif var ki, 35-40 yaşdan sonra profilaktik olaraq qan duruldan dərmanlardan istifadə edilməlidir. Halbuki həkim tövsiyəsi olmadan qan duruldan dərmanlardan istifadə edilməsi mədədə qanaxmaya qədər gətirib çıxara bilər. Bu dərmanları yalnız müayinə edildikdən sonra və laxtalanma sistemində problem olduğu zamanı həkim tövsiyəsi ilə qəbul etmək olar. Tam sağlam insanların profilaktik olaraq qan duruldan dərmanlardan istifadə etmələri isə tövsiyə edilmir. COVID-19-un fəsadlarından biri kimi qanın laxtalanma sistemində əhəmiyyətli rolu olan d-dimer adlanan faktorun dəfələrlə səviyyəsinin yüksəlməsi halı aşkarlandı ki, bu da qanı çox sürətlə qatılaşdırır və buna görə belə xəstələrdə qan duruldan preparatlar işlənirdi.

- Bir müddət əvvəl xəstələr ürək dərmanlarını tapa bilmədiklərindən, əvəzedicisinin isə effektiv olmamasından şikayətlənirdilər. Sizə də bununla bağlı müraciətlər olurmu?

- Bir çox dərman şirkətləri hər bir preparatın əvəzedicisini yaratmağa çalışırlar. Təəssüf ki, apteklərdə də həmin dərmanlar reseptsiz olaraq əhaliyə təklif oluna bilir. Mən isə həkimin hansı dərmanı tövsiyə edirsə, onun alınmasının tərəfdarıyam. Bəzi əvəzedicilər dərmanın özü qədər effekt verə bilir, lakin bunu bütün əvəzedicilər haqqında deyə bilmirik. Çünki dərmanın tərkibində yanaşı gedən komponentin belə miqdarı dəyişdiyi zaman effektivliyində ciddi dəyişiklik ola bilir. Buna görə həkimlə konsultasiya etmədən dərmanın əczaçı məsləhəti ilə dəyişdirilməsinin tərəfdarı deyiləm. Dərman çatışmazlığına qaldıqda isə qeyd etmək istəyirəm ki, bizdə stasionar müalicədə bütün dərmanlar xəstələrə ödənişsiz verilir. Bu hazırda ambulator xidmətə şamil edilməsə də, qısa müddətdən sonra dərman təchizatının onlara da şamil ediləcəyinə inanırıq.

- İnstitutun fəaliyyəti ilə bağlı hansı yeniliklər gözlənilir?

- Mən Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktor vəzifəsinə 2018-ci ildə təyin olunmuşam. O zaman bizim təcili tibbi yardım şöbəmiz yox idi, oksigen təchizatında ciddi problemlərimiz, maddi-texniki bazamızda bir müddət boşluq var idi. Hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə həm maddi-texniki bazanın yaxşılaşdırılması, həm də kadr ehtiyatının cavanlaşması və gənc kadrların cəlbi, professor-alim heyətinə daha yaxşı şəraitin yaradılması istiqamətində işlər aparılır.

Eyni zamanda, bu illər ərzində həkimlərin əməkhaqqında da ciddi irəliləyişlər olub. Məsələn, 2018-ci ildə 89 saylı qərara əsasən dövlət büdcəsindən maliyyələşən müəssisə işçilərinin əməkhaqqı 10%, 2019-cu ilin mart ayında 25%, sentyabr ayında isə 40% artıb. 2021-ci ildə həvəsləndirici əlavələrin verilməsi tətbiq olunduqdan sonra əməkhaqqının daha da yaxşılaşdırılmasının şahidi olduq. Beləliklə, 2018-ci il ilə müqayisədə 2023-cü ildə büdcədən maliyyələşən səhiyyə işçilərinin əməkhaqqı həkimlərdə 4.5 dəfə, orta tibb heyətində 2.3 dəfə, kiçik heyətdə 1.8 dəfə artıb. Özəl tibb müəssisələrinin təklif etdiyi əməkhaqqına yaxın məvacib təklif etməyimiz gənc kadrların bizə gəlməsini stimullaşdırır.

Milli.Az


Etiketlər:  Energetik içkilərdən istifadənin bu xəstəliklərin artmasında çox ciddi təsiri var MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ