Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi xarici siyasət kursumuzun çoxşaxəli olmasını bir daha sübut edir

Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi xarici siyasət kursumuzun çoxşaxəli olmasını bir daha sübut edir

Tarix: 23 Oktyabr 2019 13:36

Bakı. Samir Əli - Trend:

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycan üçün vacib və əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır və dünya əhalisinin təqribən 55%-i quruma üzv ölkələrdə yaşayır: "Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.

Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi alqışlanmalıdır. Burada dünyanın yarıdan çoxu təmsil olunacaq. Onu da qeyd edim ki, bir neçə gün əvvəl türkdilli dövlətlərin rəhbərləri də Bakıda toplaşmışdılar. Ölkəmizdə belə sammitlərin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasət kursumuzun çoxşaxəli olmasının daha bir sübutudur".

Millət vəkili bildirib ki, Bakıda belə bir forumun keçirilməsi Azərbaycanda daimi diplomatik nümayəndəlikləri olmayan ölkələrlə əlaqələri möhkəmləndirmək üçün effektli platforma imkanı yaradır: "Bu, həmçinin, BMT-də və digər beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin səsi mühüm rol oynayıb.

Hərəkata üzv olduğumuz qısa müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət arasında məlumatlılıq daha da artıb. 2012-ci ildə İranın Tehran şəhərində keçirilən zirvə görüşündə qəbul edilmiş Yekun Sənəddə, Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” münaqişənin həllinə dəstək ifadə edilib. 2016-cı ildə də eyni qaydada, münaqişənin həll edilməmiş qalmasına təəssüf ifadə edilmiş və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək bildirilib".

E.Məmmədov qeyd edib ki, ölkəmizin Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşdı: "2012-ci ildən etibarən Hərəkatın nazirlər və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Burada münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilir".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi xarici siyasət kursumuzun çoxşaxəli olmasını daha sübut edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ