Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 22:26
Yay dedikdə insanın ağlına istirahət günləri gəlir. İstirahət üçün isə üz tutulan ilk məkanlardan biri də çimərliklərdir.
Çimərlik mövsümünün açılmasına sayılı günlər qalıb. Buna baxmayaraq, mövsümü açan, çimərliklərə gedən insanların sayı kifayət qədərdir. Hətta batma təhlükəsi ilə qarşılaşanlar da var.
Maraqlıdır bəs, çimərlik mövsümünə sayılı günlər qaldığı vaxtda məsul dövlət qurumlarının apardığı monitorinqlərin nəticəsi necədir?
Sonxeber.net xəbər verir ki, lent.az öncə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumun əməkdaşları müxtəlif bəhanələrlə sorğundan yayındılar. Nəticədə isə sorğunun cavabını yaxın günlərdə ümumi yayacaqlarını bildirdilər.
Daha sonra monitorinq aparan digər qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Bu qurum isə çimərliklərdəki monitorinqlərə baxan məsul şəxsin ölkədə olmadığını, yalnız qayıtdıqdan sonra cavablayacağını deyib.
Çimərlikdə aparılan monitorinqlərin məsul şəxsi bir nəfərdir? Maraqlıdır...
Ən sonda ümidimiz Gigiyena və Epidemiologiya Mərkəzinə qaldı. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımzadə isə fərqli bəhanələrlə sorğudan yayındı.
Nəticədə isə birdən çox qurumun apardığı monitorinqin ilkin nəticələrini öyrənə bilmədik. Görünən odur ki, daha bir neçə nəfər də boğulma təhlükəsi ilə qarşılaşdıqdan sonra rəsmi qurumlar məlumat yayacaqlar.
Bu da belə... Məsləhət odur ki, mövsümün açılışını gözləyək.