Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2023 19:12
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Olimpiya"ya (Sloveniya) qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında ilk matçdakından daha ciddi oynamalı olduqlarını deyib:
"Bu, qrupöncəsi son oyunumuzdur. Qalib gəlsək də, ciddi olmalıyıq. Səfərdəki matçdan sonra fikirlərimi bildirmişdim. Bakıda daha ciddi olmalıyıq. Rəqibin öz oyun üslubu, özəllikləri var. Boşalmaq olmaz. Son çempionat oyunlarına da baxdıq. Məğlub olsalar da, yaxşı oynadılar. Qol epizodları çox idi, lakin şanslardan istifadə edə bilməmişdilər. Çalışacağıq, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram".
Q.Qurbanov "Qarabağ" ən yaxşı oyunlarından birini "Olimpiya" ilə səfərdə keçirdi. Sabah buna nə mane ola bilər" sualına belə cavab verib: "Deyə bilmərəm. Hesaba aldanmamalıyıq. Rəqib sabah çəkinməyəcək, risk edəcək. Hesabı qorumaq üçün oynamayacağıq. Daha aqressiv olmalıyıq. Komandamızın istənilən komandaya qalib gəlmək potensialı var. Daha ciddi olmalıyıq. Başqa nəsə haqda düşünməməliyik. Rəqibin gücünü bilirik. İlk matçı analiz edəndə futbolçular gördülər ki, nə çətinlik çəkmişik".
Baş məşqçi zdəli futbolçuları Patrik Andrade və Bədavi Hüseynovun durumundan da danışıb: "Vaxt var hələ. Onların zədələri ciddidir. Ən tezi 10 günə məşqlərə başlayacaqlar".
O, sabahkı oyunda qapıda kimin dayanacağına qərar vermədiyini deyib: "Hələ tam heyəti müəyyənləşdirməmişəm".
Qeyd edək ki, bu komandalar arasında ilk görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu isə sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.