Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski: Müharibədə xoşbəxt sonluq olmur

Zelenski: Müharibədə xoşbəxt sonluq olmur

Tarix: 11 Sentyabr 2023 15:48

"Dondurulmuş münaqişə sülh demək deyil, çünki Putin bütün Ukraynanı götürmək istəyir. O, insanlarımızı öldürmək, evlərimizi dağıtmaq istəyir. O bilir ki, Ukrayna bir daha geri (Rusiyaya- red.) dönməyəcək və ukraynalılar da ölkəni tərk etməyəcək".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Zelenski bildirib ki, əks-hücum əməliyyatının sürəti bir çox məsələlərlə bağlıdır: "Birincisi, biz ruslara xeyli zaman verdik, onlar bütün bu əraziləri minalayıblar. Biz silahların gəlməsini, hərbi yardımı gözləyirdik və uzun müddət gözlədik. Mən tərəfdaşlarımıza - ABŞ-a, Avropa İttifaqına və digərlərinə indiyədək verdikləri dəstəyə görə çox minnətdaram. Amma biz gözlədiyimiz müddət ərzində ruslar bizim torpaqlarımızı minaladılar. Çünki hərbi yardımın göndərilməsi ilə bağlı qərar verilən kimi o göndərilmir, bu proses uzun müddət çəkdi və bu davam edir".

Ukrayna dövlət başçısı qeyd edib ki, Ukrayna hərbi qüvvələrinin uzaq mənzilli raket sistemlərinə, artilleriyaya ehtiyacı var: "Hər kəs ATACAMS barədə danışır, bu sistem bizim üçün çox vacibdir. Mən bu barədə Prezident Baydenlə danışacağam və ümid edirəm ki, o, fikrini dəyişəcək, necə ki, HİMARS-la bağlı bu baş verdi. Mən ümid edirəm ki, biz bu sistemləri payızda əldə edə biləcəyik.

Təyyarələrlə bağlı mən tərəfdaşlarla danışmışam, açıq şəkildə demişəm ki, baxın, biz öz səmamıza nəzarət edə bilmirik. Biz hətta səmada Rusiya ilə müqayisə oluna bilmərik".

Zelenski müharibədə xoşbəxt sonluğun olmadığını deyib: "Biz hamımız uğur və xoşbəxt sonluq istəyirik. Amma bu, bir saatlıq film deyil, bu, əks-hücumdur. Bu, xoşbəxt sonluğu olan film deyil və xoşbəxt sonluq olmayacaq. Biz çox sayda adam itirmişik. Ona görə də xoşbəxt sonluq yoxdur. Biz qəbul etməliyik ki, qələbə bizim üçün yalnız torpaqlarımızın azad olması deyil, həm də Rusiyaya başqa ölkələrə hücum etmək şansı verməməkdir. Baltik ölkələrini, Polşanı və digərlərini yenidən Sovetlərə qaytarmağa imkan verməməkdir.

Yəni, qələbə xoşbəxtlik demək deyil. Qələbə sadəcə sağ qalmaq imkanıdır".

Ukrayna lideri müsahibəsində vurğulayıb ki, Ukrayna yalnız öz dəyərləri üçün savaşmır və bu yalnız Ukraynanın müharibəsi deyil: "Bu, ümumi müharibədir, biz isə bu müharibənin ən ağır bədəlini ödəyənlərik. Mən istəyirəm ki, Qərbdə insanlar yalnız bu faktı bilməsin, həm də bunu, bizim ağrımızı hiss etsinlər".


Etiketlər:  Zelenski Müharibədə xoşbəxt sonluq olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ