Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MN: Antiterror tədbirlərində icra edilən fəaliyyətlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir

MN: Antiterror tədbirlərində icra edilən fəaliyyətlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir

Tarix: 19 Sentyabr 2023 20:15

Qarabağ iqtisadi rayonunda erməni silahlılarına qarşı antiterror tədbirləri davam edir. Bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov brifinqdə söyləyib.

A.Eyvazov bildirib ki, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə dəvət edilib və onlara həyata keçirilən antiterror tədbirləri barədə ətraflı məlumat verilib.

Polkovnikin sözlərinə görə, lokal xarakterli antiterror tədbirlərində icra edilən fəaliyyətlər Azərbaycan qanunlarına, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir. "Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexnika qovşağı, eləcə də digər döyüş vasitələri sıradan çıxarılıb.

Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınaraq sıradan çıxarılır. Lokal antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, onlar bütün növ təminatla təmin ediliblər", - deyə o vurğulayıb.

Mətbuat xidmətinin rəisi media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə də çağırış edərək deyib: "Bölgədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media resurslarında mütəmadi olaraq məlumat verilir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini qarşı tərəfə məxsus bəzi sosial media hesablarında paylaşılan heç bir real əsası olmayan məlumatları tirajlamamağa, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".

Milli.Az


Etiketlər:  MN Antiterror tədbirlərində icra edilən fəaliyyətlər beynəlxalq hüququn norma prinsipləri çərçivəsindədir


RƏYLƏR