Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Region dövlətləri öz aralarında sülh müqaviləsi imzalamalıdır - Deputatdan ''sensasion'' açıqlama

Region dövlətləri öz aralarında sülh müqaviləsi imzalamalıdır - Deputatdan ''sensasion'' açıqlama

Tarix: 29 Sentyabr 2023 09:03

Yerli mətbuatda anlaşılmaz açıqlamaları və ardıcıl siyasi səhvləri ilə daim gülüş obyektinə çevrilən deputat Arzu Nağıyev yenə öz ampluasındadır. Deputat bu günlərdə "Azərtac" dövlət agentliyinə müsahibəsində bildirib ki, regionda sülh olması üçün regional dövlətlər öz aralarında sülh müqaviləsi imzalamalıdır. A.Nağıyev daha sonra Azərbaycan dilinin qrammatikasına zidd rabitəsiz və məntiqsiz sözlər işlədib: "Gələcəkdə də 3+3 formatında siyasi və iqtisadi cəhətdən addımlar atılmalıdır. Regionda təhlükəsizliyin təhididi o bütün sirayət edir digər dövlətlərə də".

Deputatın danışığından belə çıxır ki, Azərbaycan bütün region ölkələri ilə sülh müqaviləsi imzalamalıdır. Doğrudanmı Arzu Nağıyev bilmir ki, Azərbaycanın hazırda sülh müqaviləsi imzalamaq istədiyi bir dövlət var - Ermənistan. Görəsən, A.Nağıyev "digər region ölkələri ilə sülh müqaviləsi imzalamaq" ifadəsi işlədərkən nəyi nəzərdə tutur? Və yaxud da ki, təhlükəsizliyin təhidi nə deməkdir? Deputat bununla nə demək istəyir?

Arzu Nağıyev Real TV-yə müsahibəsində isə, Azərbaycanın lokal antiterror tədbirlərini müharibə adlandırıb: "Azərbaycan müharibəni, terror əməliyyatını apardı. Niyə müharibə dedim, çünki qarşıdakı doğrudan da ciddi düşmən idi".

Əvvəla, Arzu Nağıyev bilməlidir ki, Azərbaycan müharibə yox, antiterror tədbirləri həyata keçirib. Bunu bütün dünya belə bildiyi halda millət vəkilinin antiterror tədbirlərini müharibə adlandırması sadəcə təəssüf doğurur. Bəs, terror əməliyyatı nə deməkdir? Azərbaycan terror əməliyyatı aparıb? Bu fikirlər deputatın ağlına haradan gəlib? Bəlkə yuxusunda görüb?

Deputat daha sonra unikal söz birləşmələri işlədərək özünü daha da çətinə salıb: "Azərbaycan ordusu ona görə dünyada birinci 50-likdədir ki, həm suda, quruda, dağda müharibə və münaqişələri aparmaq qabiliyətinə malikdir".

Maraqlıdır, deputat öz danışdıqlarını özü başa düşürmü və ya məsuliyyətini anlayırmı?

"Münaqişləri aparmaq" ifadəsi nəyi ehtiva edir? Azərbaycan ordusu münaqişə aparmır. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşür.

A.Nağıyevin daha bir heyrətamiz açıqlaması isə İsrail-Azərbaycan münasibətləri ilə bağlıdır: "Albert Aqarunovun hərəkətləri İsrail-Azərbaycan münasibətlərini inkişaf etdirib".

Görünən odur ki, Milli Məclisin deputatı Arzu Nağıyev verdiyi gülünc açıqlamalarla birbaşa olaraq Azərbaycan dövlətinin siyasətinə xələl gətirir. Görəsən, deputatı nə vadar edir ki, telekanallara və digər media qurumlarına müsahibə vermək üçün dəridən-qabıqdan çıxır? Axı, hər dəfəsində kobud siyasi səhvlərə yol verərək haqqlı tənqidlərlə üzləşir. Belə səhvləri durmadan təkrarlamaqla Arzu Nağıyev nəyə nail olmaq istəyir? Nədən özünü ironiya hədəfinə döndərir? Nədən cəmiyyətdə dillər əzbəri olur, məzə obyektinə çevrilir?

Maraq doğuran digər məqam isə, ciddi media resurslarının deputatın bu məsuliyyətsiz açıqlamalarına şərait yaratmasıdır. Yaxşı, deyək ki, Arzu Nağıyev siyasi səhvləri ilə Azərbaycan dövlətinin maraqlarını ciddi zərbə altında qoyur. Bəs, ilin-günün bu vaxtı, olduqca həssas dönəmdə ona tribuna verən telekanallar, media qurumları nə düşünür?


Etiketlər:  Region dövlətləri aralarında sülh müqaviləsi imzalamalıdır Deputatdan sensasion açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ