Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 18:21
Bakı. Samir Əli - Trend:
Müsavatçılar "Milli Şura"nın (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini dəstəkləyirlər.
Trend-in məlumatına görə, Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım kimi dəyərləndirib.
Y.Sadıqlı qeyd edib: “Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin