Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrana milyardlarla dollarlıq vəd – Düşmən elan etdiyi ölkə ilə barışır

İrana milyardlarla dollarlıq vəd – Düşmən elan etdiyi ölkə ilə barışır

Tarix: 18 Dekabr 2023 20:38

İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə barışdıqdan sonra iki ölkə diplomatik əlaqələri bərpa edib. Pekin bununla kifayətlənməyərək, tərəflər arasında vasitəçiliyini daha da gücləndirməyə qərar verib. Dekabrın 15-də Pekində üç ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələr keçirilib. Növbəti görüşün Səudiyyədə keçirilməsinə dair razılıq var.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, Çin xarici işlər naziri Van Yinin sədrliyi ilə Çin-Səudiyyə-İran Komissiyasının ilk iclasında Yaxın Şərqdə beynəlxalq əməkdaşlıq məsələləri və Fələstin-İsrail münaqişəsi müzakirə olunub:

"Toplantıda Səudiyyəni xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xərəyci, İranı da onun həmkarı Əli Baqeri Qəni təmsil edib. Van Yi deyib ki, Çin Yaxın Şərq xalqlarını dəstəkləməkdə davam edir. Bunun nə demək olduğunu söyləmək çətindir. Çünki Yaxın Şərqdə bir-birləri ilə gərgin münasibətlərdə olan dövlətlər çoxdur. Çin xarici işlər naziri onu da bildirib ki, Pekin Səudiyyə ilə İran arasında dialoqu gücləndirmək və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə daha bir töhfə vermək üçün üçtərəfli qarşılıqlı fəaliyyət formatından istifadə etməyə üstünlük verir.

İranla Səudiyyə barışıbsa, Pekinin vasitəçiliyini davam etdirməsinə nə ehtiyac var?

Görünür, Pekin bu yolla bölgədə rolunu artırmağa çalışır. Vaşinqtonla Tehran arasında diplomatik əlaqələr olmadığına və iki ölkə arasında gərginlik davam etdiyinə görə ABŞ Səudiyyə ilə İran arasında dialoqda iştirak edə bilməz. Bu, Pekinin işinə yarayır. Çin lideri ötən aylarda həm İran, həm də Səudiyyə Ərəbistanına səfər edib. Pekin İrana yüz milyardlarla dollar yatırım qoyacağını da açıqlayıb. Ancaq Pekin bu məsələdə hələ tələsmir. İranın özündə də Çindən iqtisadi asılılığın təhlükələri barədə polemika gedir".

Təhlildə vurğulanır ki, Pekindəki görüşdə Çin, İran və Səudiyyə birgə bəyanat qəbul edib:

"Üç ölkə İsraili dayandırmağın və Qəzzanın bombalanmasının qarşısının alınmasının vacibliyini bildirib. Tərəflər fələstinlilərin evlərindən zorakı üsullarla qovulmalarının qarşısının alınmasının da vacibliyini vurğulayıblar.

Birgə bəyanat İsraildə sərt reaksiyaya səbəb olub. İsrailin Çinlə təmasları olsa da, Təl-Əviv Pekinin Yaxın Şərq siyasətindən narazıdır. Digər tərəfdən, İsrail Səudiyyə ilə diplomatik əlaqələr qurmaq ideyasından imtina etməyib. Qəzzadakı döyüşlər dayanmayana qədər bu, mümkün olmayacaq. Ancaq sonrakı mərhələdə dialoqun bərpası mümkündür, sadəcə Çin-İran-Səudiyyə üçbucağı Təl-Əvivə əlavə problemlər yaradacaq. ABŞ da Çinin vasitəçi təşəbbüslərini diqqətlə izləyir. Çünki Vaşinqtonda hesab edirlər ki, Pekin bölgədə ABŞ-ni sıxışdırmağa çalışır".


Etiketlər:  İrana milyardlarla dollarlıq vəd Düşmən elan etdiyi ölkə ilə barışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ