Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 03:30
Məhz düzgün iman sayəsində həm bu dünyada, həm də Axirətdə xeyir qazanmaq olar. Belə ki, iman tələb olunan ən mühüm məsələ, qarşıya qoyulan ən ali məqsəd və ən böyük hədəf sayılır. Məhz onun sayəsində insan xoşbəxt və firavan həyat sürür, xoşagəlməz hadisələrdən, şərdən və bədbəxtçilikdən canını qurtarır, üstəlik heç vaxt yoxa çıxmayacaq və puç olmayacaq axirət savabına, əbədi nemətlərə və tükənməz xeyir-bərəkətə nail olur. Uca Allah buyurur: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97). Uca Allah həmçinin buyurur: "Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar" (əl-İsra, 19). Uca Allah buyurur: "Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar" (Ta ha, 75). Uca Allah həmçinin buyurur: "İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər"(əl-Kəhf, 107-108). Bu mövzuya aid Qurani Kərimdə başqa ayələr də vardır. İman altı əsas üzərində qurulur. Bunlar Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə və qədərə - onun xeyrinə və şərinə iman gətirməkdir. Bu əsaslar həm Qurani Kərimdə, həm də Peyğəmbərin sünnəsində bir çox yerlərdə zikr edilmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Onun elçisinə və elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür" (ən-Nisa, 136). Cəbrail hədisi adlanan məşhur hədisdə Cəbrailin Peyğəmbərə: "Mənə iman haqqında xəbər ver"- deməsinə, o belə cavab vermişdir: "İman odur ki, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə, habelə qədərə - onun xeyrinə və şərinə iman gətirəsən." İman məhz bu altı əzəmətli əsas üzərində qurulur. Bu əsaslara iman gətirməyən şəxs mömin sayıla bilməz. Bu əsaslar bir-biri ilə sıx bağlıdır və ayrılmazdır. Bunların bir qisminə iman gətirmək digərlərinə də iman gətirməyi vacib edir. Hər bir müsəlman bu əsasları öyrənib araşdırmalı və onlara diqqət yetirməlidir. Şübhəsiz ki, Allaha iman gətirmək imanın əsaslarının ən mühümü, ən əzəmətlisi, ən təqdirəlayiq olanıdır. Bu, imanın əsası və məğzi hesab edilir. Digər əsaslar da ona tabedir, ona əsaslanır və onun üzərində qurulur. Uca Allaha iman gətirmək Allahın hər şeyin Rəbbi, Hökmdarı, Yaradanı və ruzi verəni olduğunu, Onun öldürən və dirildən, bütün xeyirin Onun Əlində olduğunu, Onun bu işlərdə heç bir şərikinin olmadığını təsdiq etməkdir. Habelə, ibadətlərin bütün növlərini Tək Allaha yönəltmək və Ona şərik qoşmamaqdır. Həmçinin, Allahı bütün eyib və nöqsanlardan təmizə çıxarmağa, Ona xas olan xüsusiyyətlərdə isə Onu heç kimə bənzətməməkdir. Allah hər şeyi Biləndir, hər şeyə Qadirdir, əbədi Yaşayandır, hər şeyin müqəddəratı Onun Əlindədir. O, Eşidəndir, Görəndir, Rəhimlidir və Bağışlayandır. Allah başqalarının Ona şərik qoşduqlarından ucadır. Quran bütövlükdə tövhiddən, onun hüquqları və mükafatlarından, şirkdən, onun əhlindən və onların cəzalarından bəhs edir. İslam dininin Tövhid dini adlanmasının səbəbi odur ki, Allah heç bir şəriki olmayan Tək Hökmdardır, Onun tayı-bənzəri yoxdur və ibadət edilməyə layiq olan yalnız Odur.