Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ və İsrailin Fələstin “mübahisəsi” oyundur – Gökçə

ABŞ və İsrailin Fələstin “mübahisəsi” oyundur – Gökçə

Tarix: 20 Yanvar 2024 22:46

İsrail və ABŞ-ın bir-birinə cavab kimi görünən açıqlamalarında əslində heç bir ziddiyyət yoxdur, sadəcə, söz oyunu var. İsrail Qəzzanı tamamilə yox edərək, onu ələ keçirməyə çalışır. Qəzzanı ələ keçirməkdə əsas məqsəd yeni, özünün müəyyən etdiyi Fələstin dövlətini qurmaqdır. ABŞ isə Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulamaqla, əslində, dolayı yolla Təl-Əvivin planını dəstəkləyir.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib.

Alim ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə hazırlanan "Yüz ilin anlaşması" layihəsindən bəhs edib:

"ABŞ İsrailin təhlükəsizliyi və Qəzzanın yenidən inşası üçün Fələstin dövlətinin qurulmasının vacibliyini, eyni zamanda bölgə dövlətlərinin təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirib. Əsas məsələ isə Təl-Əviv və Vaşinqtonun beynindəki Fələstin dövlətinin hansı şərtlərlə qurulmasıdır. Nə Blinken, nə də ABŞ-ın digər rəsmi şəxsləri bu barədə dolğun açıqlama verib. Lakin ehtimal kimi əlimizdə Donald Trampın 2020-ci ildə irəli sürdüyü "Yüz ilin anlaşması" planı və "İbrahim müqavilələri" (Abraham Accords) var. Sözügedən müqaviləyə də İsrail, BƏƏ, Mərakeş, Sudan və Bəhreyn qatılıb. Trampın planına görə, yeni Fələstin dövlətinə 50 milyard dollar pul ayrılır, Fələstin dövləti Qərbi Şəriyədəki yəhudi məntəqələri istisna olmaqla, yerdə qalan əraziləri və Qəzza zolağını əhatə edəcək, HƏMAS təslim olacaq, fələstinlilər Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq, sərhədləri İsrail ordusu qoruyacaq, Fələstin dövləti yalnız yüngül silahlı polis qüvvələrinə sahib olacaq, Qərbi Şəriyə ilə Qəzza arasında dəhliz tikiləcək, bu şərtlər altında yaşamağa razı olanlar Qəzzada qalacaq, razılaşmayanlar isə Misirin Sinay yarımadasına və İordaniyada əvvəlcədən hazırlanmış bölgələrə köçürüləcək".

Gökçə proseslərin gedişatının qeyd olunan plan üzrə inkişaf etdirildiyini bildirib:

"Hadisələrin gedişatı bizə İsrail və ABŞ-ın yuxarıda qeyd olunan plan üzrə hərəkət etdiyini göstərir. Bu plan eyni zamanda ABŞ-a İMEC (Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi) layihəsini gerçəkləşdirmək üçün lazımdır. Belə ki, bu ticarət marşrutu İsrailin Aralıq dənizindəki Hayfa limanına çatmaq üçün Qəzza ilə Qərbi Şəriyə arasındakı məsafədən keçməlidir. Ona görə də İsrail və HƏMAS arasında ötən il noyabrın 24-də atəşkəs elan olunduqdan sonra Vaşinqton Təl-Əvivin hərbi əməliyyatların bərpası qərarını dəstəklədi. Yəni Qəzza məsələsinin kökləri daha dərinə gedir".

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını demişdi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə buna cavab olaraq İsrailin bölgədəki daimi təhlükəsizlik probleminin həlli və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol olmadığını vurğulayıb.

Milli.Az


Etiketlər:  ABŞ İsrailin Fələstin mübahisəsi oyundur Gökçə


RƏYLƏR