Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 12:20
"Sıralarında 65 min üzvü birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMV İB) 7 fevral prezident seçkilərində iştirak fəallığını artırmaq məqsədilə bölgələrdə geniş maarifləndirmə tədbirləri həyata keçirir. Hüquqşünas ixtisası və seçki təcrübəsi olan veteranlarımız bu işlərə xüsusi töhfələr verirlər".
Sonxeber.net xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında AVMV İB-nin sədri, Birinci Qarabağ müharibəsi qazisi Füzuli Rzaquliyev deyib. O, qarşıdakı Zəfər seçkisinə böyük fəxarət və qürur hissi ilə getdiklərini diqqətə çatdırıb:
"2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu lokal antiterror tədbirləri həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranlarında xüsusi ruh yüksəkliyi yaradıb. Separatçı rejimdən tamamilə təmizlənmiş, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın hər bir övladı bu hissi yaşayır. 7 fevral prezident seçkilərinə xüsusi məna qazandıran digər amil bu seçkilərin otuz ildən sonra ölkəmizin bütün bölgələrində təşkil olunmasıdır".
F.Rzaquliyev onu da bildirib ki, təmsil olunduğu birliyin üzvləri 7 fevral seçkisinə hazırlıqda fəal iştirak edirlər: "Vətən və torpaq uğrunda döyüşlərdə iştirak etmiş veteranlar xüsusi təbliğat və təşviqata ehtiyac duymurlar. Amma buna baxmayaraq AVMV İB bölgələr üzrə özünün seçki qərargahlarını yaradıb və seçicilərin maarifləndirilməsi tədbirlərində fəal iştirak edir. Eyni zamanda, dairə və məntəqə seçki komissiyalarında seçkiləri müşahidə edəcək üzvlərimiz seçkinin azad və demokratik şəraitdə keçirilməsinə hər cür dəstəklərini verəcəklər".