Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikol sülh üçün bunu tez etməyə çalışır – Verdyan

Nikol sülh üçün bunu tez etməyə çalışır – Verdyan

Tarix: 27 Yanvar 2024 08:38

Ermənistan Konstitusiyası beynəlxalq hüquqa zidd deyil. Qonşu ölkələrə qarşı ərazi iddialarından bəhs edən İstiqlal Bəyannaməsi beynəlxalq hüquqa ziddir və Konstitusiyanın preambulasında bu Bəyannaməyə istinad edilir.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a erməni bloger İşxan Verdyan Ermənistanda yeni Konstitusiyasının qəbulu ilə bağlı müzakirələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının əksini tapdığı İstiqlal Bəyannaməsinə istinad yeni Konstitusiyanın qəbulunu zəruri edir:

"Elə alındı ki, daşnak terrorçuların səyləri nəticəsində qonşulara qarşı ərazi iddiaları Konstitusiyadan da yüksək səviyyəli dövlət sənədlərinin tərkib hissəsi oldu. Bəyannamə ən azı siyasi baxımdan Konstitusiyadan daha çox legitimliyə malikdir, çünki Konstitusiya yaradılarkən ona istinad edib. Buna görə də Ermənistanın rəsmi sənədlərindən ərazi iddialarını silmək üçün təkcə Konstitusiyaya düzəlişlər kifayət etmir: Konstitusiyanı necə redaktə etsəniz də, hələ də problemli İstiqlal Bəyannaməsinə istinadlar qalacaq. Bu asılılığın aradan qaldırılması üçün mövcud Konstitusiyanı əsaslandırması ilə birlikdə tamamilə ləğv etmək və ziddiyyətli sənədləri özündə əks etdirməyən yeni Konstitusiyaya keçmək lazımdır. Yalnız yeni Konstitusiya. Bu problemin başqa həlli yoxdur".

Onun sözlərinə görə, Paşinyan da yeni Konstitusiyanın qəbul olunmasının zəruriliyini anlayır və bunu tez bir zamanda həll etmək niyyətindədir:

"Amma problemi təcili həll etmək lazımdır və düşünürəm ki, Baş nazir Paşinyan bunu dərk edib və hərəkətə keçib. Əks halda, ölkənin onsuz da ciddi sınaqlarla üzləşdiyi bir vaxtda yeni Konstitusiya layihəsinin hazırlanması cəhdini izah etmək mümkün deyil və bu, cəmiyyətdə daha da gərginlik yarada bilər. Üstəlik, hazırkı Konstitusiyaya görə, Paşinyan özünü tamamilə qorunmuş və rahat hiss edir".

İşxan Verdyan yeni Konstitusiyada hansı dəyişikliklərin olacağının ictimai müzakirələrdən sonra bəlli olacağını bildirib:

"Paşinyan məhz Ermənistanın qanunvericilik bazasından beynəlxalq hüquqa və qonşularla sülhə can atmaq siyasətinə zidd olan məqamları aradan qaldırmaq üçün yeni Konstitusiyanın qəbulu təşəbbüsü ilə çıxış edir. Bundan başqa mətndə nəyin dəyişəcəyi haqda söz açmaq isə hələ tezdir".

Milli.Az


Etiketlər:  Nikol sülh üçün bunu tez etməyə çalışır Verdyan


RƏYLƏR